Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur


Digərləri 29 Apr 2019 17:37:00 232 0

Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur

Çin Xalq Respublikasının paytaxtı Pekində "Pekin Ekspo 2019" Botanika Sərgisi açılıb.

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunur.

Son.az xəbər verir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, "Pekin Ekspo 2019" "Təbiəti qoruyaq, daha yaxşı yaşayaq" mövzusunda təşkil edilib. Sərgi 503 ha ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgidə 16 000 000 ziyarətçi gözlənilir.

"Azərbaycan: təbiət və incəsənətin harmoniyası" ("Azerbaijan: Harmony of Nature and Art") adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir.

Pavilyonun spiralvari forması Azəbaycanın davamlı, stabil inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir.

Pavilyonun interyer dizaynı ölkənin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır.

Pavilyon Azərbaycanın xalçaçılıq məktəbləri üzrə dörd hissəyə bölünüb: Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində əks olunur. Burada xalçaların toxunmasının nümayişi məqsədilə xana qoyulub və eyni zamanda xalça toxunuşunu öyrədən videomaterial təqdim edilir.

Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur. Pavilyonda Xarı bülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat da nümayiş etdirilir.