Bakı Ali Neft Məktəbinin tələbəsi "Avtonom maşınlar – süni intellekt" layihəsini təqdim edib


Digərləri 29 Apr 2019 12:10:00 263 0

Bakı Ali Neft Məktəbinin tələbəsi "Avtonom maşınlar – süni intellekt" layihəsini təqdim edib

Bakı Ali Neft Məktəbinin tələbəsi Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qalibi olub.

Son.az xəbər verir ki, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Ayaz Səmədli müəllifi olduğu "Avtonom maşınlar - süni intellekt" adlı layihəsini uğurla həyata keçirib. Bakı Ali Neft Məktəbinin təşkilatı dəstəyi ilə icra edilən bu layihə dörd təlimdən ibarətdir və bu təlimlərdə tələbələrin gələcək karyeraları üçün faydalı mövzular müzakirə olunub.

Rektor Elmar Qasımov layihənin yekun mükafatlandırma mərasimində çıxış edərək layihədə iştirak edən Bakı Ali Neft Məktəbinin və digər universitetlərin tələbələrini təbrik edib, onlara gələcək təhsil həyatında uğurlar arzulayıb. O, qonaqlara və təlim iştirakçılarına layihənin əhəmiyyətindən danışaraq gənclərin bu kimi layihələrdə aktiv iştirakından məmnunluğunu bildirib. Tədbirin sonunda təlimlərdə iştirak edən tələbələr sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, layihənin təlimlərində Bakı Ali Neft Məktəbi ilə yanaşı ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Milli Aviasiya Akademiyası və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak edib. Layihə iştirakçıları təlimlər müddətində "Əşyaların interneti", "Maşın öyrənməsi", "Komputer Vizyonu", "Neyron Şəbəkələr" və s. mövzuları üzrə məlumatlandırılıblar.