Azərbaycan regionun lider ölkəsi kimi "Bir kəmər, bir yol" layihəsində çox vacib rol oynayır –


Siyasət 28 Apr 2019 21:46:00 239 0

Azərbaycan regionun lider ölkəsi kimi "Bir kəmər, bir yol" layihəsində çox vacib rol oynayır –

Azərbaycan regionun lider ölkəsi kimi "Bir kəmər, bir yol" layihəsində çox vacib rol oynayır.

TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib ki, ilk dəfə 2013-cü ildə Çin rəhbəri Si Cinpin tərəfindən elan edilən "Bir kəmər, bir yol" təşəbbüsü dünya əhalisinin yarısından çoxunun yaşadığı Asiya, Avropa və Şimal-Şərqi Afrika ölkələrində sosial və iqtisadi strukturun təkmilləşdirilməsi üçün mühüm potensiala malik olan, son dərəcədə iddialı və genişmiqyaslı təşəbbüsdür. Bu qarşılıqlı faydalı təşəbbüsdən sözügedən bölgələrdə yaşayan dünya əhalisinin 50 faizindən çoxu faydalanacaq və dünyada siyasi sabitlik və sülhə töhfə verəcək.

Ekspert qeyd edib ki, Azərbaycan regionun lider ölkəsi kimi bu layihədə çox vacib rol oynayır: "Azərbaycan coğrafi olaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və onun ərazisindən tarixən İpək Yolu karvanları keçib. Aydındır ki, İpək Yolu ilə bağlı təşəbbüslərdə Azərbaycan kənarda qalmayıb və burada ölkənin tranzit potensialı və təbii sərvətlərindən istifadə olunacaq".

L.Vaytkyaviçene deyib ki, Azərbaycan öz coğrafi mövqeyinin imkanlarından istifadə etməklə və infrastruktur və nəqliyyat sektoruna investisiyalar yatıraraq Avropa və Asiyanı birləşdirən beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.

O əlavə edib ki, Azərbaycanda müasir infrastrukturun yaradılması ölkə üçün əsas məqsədlərdən biridir. Azərbaycan əsasən yollar, avtomagistrallar və hava limanlarının tikilməsi üçün sərmayələr yatırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və Azərbaycan bu nəqliyyat dəhlizlərinin hər ikisində fəal iştirak edir, habelə bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış edib:

"Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ölkənin əsas dəniz limanının Ələtə köçürülməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ilə bağlı fərman və göstərişlər vermişdi, həmçinin limanın ərazisində azad ticarət zonasının yaradılması, ölkənin regionlarında sənaye zonaları və obyektləri, eləcə də İT parkların yaradılmasına dair fərmanlar vermişdi".

Ekspert vurğulayıb ki, Azərbaycan hökuməti tərəfindən İpək Yolu yalnız tranzit üçün deyil, eləcə də iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına töhfə verən bir layihədir: "Uzunmüddətli məqsəd olaraq ölkənin mövcud coğrafi üstünlüklərdən faydalanması iqtisadi sabitlik, davamlı inkişaf və xalqın rifahını təmin edəcək".

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.