Bərəkətli boyunbağı


Digərləri 28 Apr 2019 21:50:00 228 0

Bərəkətli boyunbağı

Cabir ibn Abdullah Ənsarı nəql edir:

Bir gün Peyğəmbəri-Əkrəmlə (s) əsr namazını qıldıqdan sonra məsciddə əyləşmişdik. Camaat Həzrətin ətrafına toplaşmışdı. Bu zaman bir qoca kişi məscidə daxil olub aclıqdan şikayət edərək dedi:

"Ey Allahın Rəsulu, acam, məni doyuzdur; çılpağam, məni geyindir; yoxsulam, pulum yoxdur, mənə yardım et!"

Son.az maide.az-a istinadən bildirir ki, Peyğəmbəri-Əkrəm (s) buyurdu ki, indi mənim yanımda heç bir şey yoxdur, amma səni elə bir şəxsin yanına göndərəcəyəm ki, ehtiyaclarını aradan qaldıracaqdır. O, həm Allahı və Peyğəmbərini çox sevir, həm də Allah və Peyğəmbəri onu çox sevirlər. O, Allah yolunda sənə yardım edər.

Peyğəmbəri-Əkrəm (s) onu Bilala qoşub xanım Fatimeyi-Zəhranın (s.ə) evinə göndərdi. Həmin şəxs Xanımın (s.ə) evinə gəlib, ona salam verdi və dedi:

"Ey Muhəmmədin (s) qızı, mən çılpaq və acam, mənə yardım et. Allah sənə rəhm etsin."

Xanımın (ə) maddi vəziyyəti yaxşı deyildi. Yardım üçün oğulları Həsən və Hüseynin üstündə yatdıqları qoyun dərisindən başqa bir şey tapmadı. Onu da kişiyə verib, bundan artıq yardım edə bilmədiyini dilə gətirərək üzrxahlıq etdi. Kişi isə bir daha ac olduğunu vurğulayıb, "Bu dəri mənim gərəyimə çatmır, ehtiyacımı ödəmir", - deyə xatırladı və dərini geri qaytardı. Birdən Xanımın (ə) şəhid əmisi Həmzənin qızı Fatimənin ona hədiyyə etdiyi boyunbağı yadına düşdü. Onu boynundan çıxarıb qocaya verdi. Qoca da onu götürüb Peyğəmbəri-Əkrəmin (s) yanına gələrək dedi: Qızın Fatimə bu boyunbağını mənə verib dedi:

خذه وبعه فعسى الله ان يعوضك به ما هو خير منه

"Bunu al, apar sat, ümid edirəm ki, Allah-Taala bunun əvəzində sənə ən yaxşısını əta edər."

Peyğəmbəri-Əkrəm (s) ağlayaraq buyurdu:

"Niyə də Allah-Taala sənə ən yaxşısını əta etməsin?..."

Bu zaman Əmmar Yasir üzünü Peyğəmbəri-Əkrəmə (s) tutub dedi:

"Ey Allahın Rəsulu, icazə versəydiniz bu boyunbağını ondan satın alardım?"

Peyğəmbəri-Əkrəm (s) razılığını bildirdi.