Zühur əlamətlərindən – Süfyaninin meydana çıxması


Digərləri 28 Apr 2019 21:40:00 251 0

Zühur əlamətlərindən – Süfyaninin meydana çıxması

Süfyaninin meydana çıxması bir çox şiə və əhli-sünnə mənbələrində böyük xilaskarın - İmam Zamanın (ə.c) zühur əlamətləri və yaxud axır zaman hadisələri sırasında qeydə alınmışdır. ("Biharul-ənvar", 53-cü cild, səh.182, 190, 192, 206, 208 və 209.)

Bəzi rəvayətlərdən onun Əbu Süfyanın nəslindən olduğu anlaşılsa da, digər rəvayətlərdən isə müəyyən bir şəxsə aid olmadığı və bu adla tarix boyu bir sıra xüsusiyyətlərə sahib olan bir çox insanlara işarə olduğu da başa düşülür. Məsələn, İmam Səccaddan (ə) belə nəql olunur:

وأَمْرَ السُّفياني حتمٌ من الله، ولا يكونُ القائِمُ إلا بسُفيانيٍّ

"Süfyaninin zühuru şübhə doğurmayan məsələlərdən biridir və hər bir inqilabçının müqabilində bir Süfyani dayanacaqdır." ("Biharul-ənvar", 52-ci cild, səh.182.)

Son.az maide.az-a istinadən bildirir ki, bu hədisdən Süfyaninin müəyyən bir şəxs yox, ümumi bir ad olduğu, həqiqi bir islahatçının müqabilində maneə sayıldığı anlaşılır. İmam Sadiq (ə) buyurur:

إِنَّا وَآلُ أَبِي سُفْيَانَ أهْلُ بَيْتَيْنِ تَعَادَيْنَا فِي اللهِ، قُلْنا: صَدَقَ اللهُ، وَقَالُوا: كَذَبَ اللهُ، قَاتَلَ أَبُو سُفْيَانَ رَسُولَ الله (صَلَّى الله عليه وآله و سلم)، وَقَاتَلَ مُعَاوِيَةُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ (عليه السلام)، وَقَاتَلَ يَزِيدُ بْنُ مُعَاوِيَةَ الحُسَيْنَ بْنَ عَلِيٍّ (عليهما السلام)، وَالسُّفْيَانِيُّ يُقَاتِلُ القَائِمَ (عليه السلام)

"Bizimlə (Əhli-beytlə) Əbu Süfyan övladları ilahi təlimlər uğrunda bir-birimizlə müxalifətçilik edən iki tayfayıq; biz Allah-Taalanın buyruqlarını təsdiq, onlar isə təkzib edirlər. Əbu Süfyan Allahın Rəsulu (s) ilə, Müaviyə Əli ibn Əbu Taliblə (ə) və Yezid Hüseyn ibn Əli (ə) ilə döyüşdü. Süfyani də Qaimlə (ə) döyüşəcək." ("Biharul-ənvar", 52-ci cild, səh.190.)

Qeyd etməliyik ki, Süfyanilər tayfasının başçısı Əbu Süfyan aşağıdakı xüsusiyyətlərə sahib idi:

1. Varlı idi; qarətkərlik, başqalarının hüququnu mənimsəmək, sələmçilik və digər qeyri-qanuni yollarla mal-dövlət sahibi olmuşdu.

2. Güclü idi; şeytani yollarla qüdrət və nüfuz qazanmışdı, Məkkə və ətraf məntəqələrdə cahil tayfalara rəhbərlik edirdi və şəxsiyyəti əsasən bu iki istiqamətdə məhdudlaşırdı.

3. İslamdan öncə Məkkə və ətraf məntəqələrə hakimlik etsə də, İslam zühur etdikdən sonra qüdrət və hakimiyyətini itirdi. Çünki İslamın birinci kəskin düşməni elə şeytani qüdrət və nüfuz sahibi olan Əbu Süfyan və onun kimilər idi. Onun İslamın birincidərəcəli düşməni olmasına heç də təəccüb etməməliyik.

4. O, Məkkəyə hakim olan təbəqələşmə sisteminin simvolu sayılır, bütpərəstliyi hədsiz dərəcədə himayə edirdi. Çünki bütlər "ixtilaf və təfriqə salaraq hökm sürmək", "qandallanmış zümrələri təhqir etmək" və nəticədə "Əbu Süfyan kimilərin qüdrət və hakimiyyətinin sütunlarını möhkəmlətmək" məqsədini təmin edən ən yaxşı vasitə sayılırdı.

Onun İslamla kəskin müxalifət və mübarizəsi məhz bu məsələyə əsaslanırdı. İslam onun cəhənnəmlik şəxsiyyətinin bütün sütunlarını viran etdiyindən, İslam inqilabını yatırmaq üçün var qüvvəsi ilə çalışırdı. Nəhayət, "Məkkənin fəthi" zamanı qüdrətinin son səngəri dağıldı və gizlində təhrikedici rəftarlarından əl çəkməsə də, həmişəlik olaraq kənara atıldı.

Onun bu xüsusiyyətləri - tərbiyə və irsiyyət vasitəsilə - oğlu Müaviyəyə və ondan da nəvəsi Yezidə keçmişdi. Onlar da Əbu Süfyan kimi proqramlarını fərqli şəkildə davam etdirsələr də, bu istiqamətdə uğursuz qaldılar.