Ləyaqətli dayə


Digərləri 28 Apr 2019 20:50:00 215 0

Ləyaqətli dayə

Həzrət Muhəmmədin (s) doğumundan uzun müddət keçməmişdi. Məkkənin əyanları öz övladlarını səhrada yaşayan dayələrə tapşırırdılar ki, onlara səhra havasında və Məkkə mühitindən uzaq bir yerdə ərəb dilini öyrətsinlər.

Peyğəmbərin (s) babası və himayəçisi Əbdülmüttəlib də Peyğəmbər (s) üçün ləyaqətli bir dayə seçməyi qərara aldı. Buna görə də bir neçə dayə Aminənin mənzilinə gəldi, lakin südəmər uşaq onların heç birinin sinəsindən süd yemədi.

Son.az maide.az-a istinadən bildirir ki, bu vaxt Əbdülmüttəlibin dostlarından biri dedi: "Mən ərəb qadınları arasında bir xanım tanıyıram ki, şirindil və əməlisaleh, əsil-nəcabət baxımından da bütün dayələrdən üstündür."

Əbdülmüttəlib soruşdu: "Onun adı nədir?"

Cavab verdi: "Adı Bəni-Səd qəbiləsindən olan Həlimədir."

Əbdülmüttəlib Həlimənin atasının yanına getdi və ona dedi: "Mən istəyirəm ki, sənin qızını Muhəmməd (s) üçün dayə seçim."

Həlimənin atası dedi: "Mənim iki qızım var, onlardan hansını deyirsən?"

Əbdülmüttəlib dedi: "Ağıllı, südü çox olan, daha ləyaqətli və daha pəhrizkar olan."

Həlimənin atası dedi: "Sizi Həlimə ilə tanış edərəm ki, o, bacısı kimi deyil. Allah Həliməyə ağıl, düşüncə, zəka, düzgünlük və mehribanlıq bəxş etmişdir."

Həlimə Əbdülmüttəliblə birgə həzrət Muhəmmədi (s) anasından təhvil almaq üçün Aminənin evinə getdi. Həlimə o xoşbəxt körpəni qucağına aldı, Muhəmməd (s) də dayəni görəndə sevindi. Əbdülmüttəlib və Aminə körpələri tərəfindən heç bir etiraz görmədikləri üçün sevindilər və xatircəmliklə Muhəmmədi (s) Həliməyə tapşırdılar. O, Aminənin körpəsini özü ilə yaşadığı yerə apardı.

O gözəl körpənin gəlişi ilə xeyir və bərəkət hər tərəfdən nəinki Həlimənin, hətta bütün Bəni-Səd qəbiləsinin həyatına da varid oldu.

Səmadan bərəkətli bir yağış yağdı. Torpaqlar yamyaşıl və bərəkətli oldu. Sürülərdə qoyunların sayı və südü artmağa başladı. Əminəmanlıq o məntəqəyə hakim oldu. Bütün bu xeyirlər Muhəmməd (s) ibn Abdullahın bərəkətli vücudundan idi.

Şüurlu, səriştəli və Allaha inanan bir xanım kimi tanınan Həlimə bildi ki, bütün xeyirlər o mübarək körpənin ailədə olmasından irəli gəlir. Bundan başqa, Həlimə kiçikyaşlı bu körpəyə xüsusi məhəbbət bəsləyərək onu bütün övladlarından daha çox sevirdi.