Ekspert: Azərbaycanın iqtisadi potensialları və infrastruktur imkanları olmadan "Bir kəmər, bir yol" layihəsinin böyük uğurlarından danışmaq çətindir


Digərləri 28 Apr 2019 15:39:01 257 0

Ekspert: Azərbaycanın iqtisadi potensialları və infrastruktur imkanları olmadan "Bir kəmər, bir yol" layihəsinin böyük uğurlarından danışmaq çətindir

Azərbaycanın iqtisadi potensialları və infrastruktur imkanları olmadan "Bir kəmər, bir yol" layihəsinin böyük uğurlarından danışmaq çətindir.

Bakı. Samir Əli - Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycanın fəal və yüksək səviyyədə təmsil olunması ümumdünya iqtisadi inteqrasiya proseslərində ölkəmizin səmərəli iştirakını təsdiqləyən tarixi əhəmiyyətli hadisədir. Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, qədim İpək Yolu boyunca geniş Avrasiya iqtisadi əməkdaşlıq arenasının yaradılması Azərbaycanın neçə illərdir ki reallaşmasına çalışdığı böyük layihələrdən biridir: "Hələ 2015-ci ildə Prezident İlham Əliyev Pekində "Bir kəmər, bir yol" layihəsində iştirakla bağlı saziş imzalayana qədər Azərbaycan qədim İpək Yolunun yenidən və daha geniş miqyasda işə salınması üçün çox işlər görmüşdü. Prezident İlham Əliyevin səyləri ilə yaradılmış müxtəlif nəqliyyat dəhlizləri, logistika infrastrukturları, neft-qaz kəmərləri qədim İpək Yolunun, eləcə də Çin daxil olmaqla 150-dən çox ölkənin həyata keçirmək istədiyi "Bir kəmər, bir yol" iqtisadi layihəsinin çox mühüm elementləri və tərkib hissələridir. Pekində ikinci beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və yüksək səviyyədə çıxışı növbəti dəfə sübut etdi ki, böyük Avrasiya iqtisadi inteqrasiya layihələrinin həyata keçirilməsi üçün ölkəmizin apardığı siyasət həqiqətən də uzaqgörən platformadır". Ekspert vurğulayıb ki, Azərbaycanın bugünkü iqtisadi, ticarət potensialları və geniş inteqrasiya, infrastruktur imkanları olmadan "Bir kəmər, bir yol" layihəsinin böyük uğurlarından danışmaq çətindir: "Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın imkan və potensiallarının Avrasiya iqtisadi inteqrasiya layihələrinin həyata keçirilməsində nə qədər təsirli gücə malik olduğunu göstərmək baxımından çox əhəmiyyətlidir. Dövlətimizin başçısı ölkəmizin iqtisadi inkişaf uğurlarının tam mənzərəsini təsvir etməklə iqtisadi kəmərin üstündə Azərbaycanın bəzi başqa ölkələr kimi yük yox, hərəkətverici qüvvə olduğuna diqqətləri bir daha cəlb etdi. Azərbaycanın şaxələndirilmiş iqtisadiyyata, dinamik artan böyük valyuta ehtiyatlarına, insan kapitalına böyük investisiya qoymaq imkanına və daimi islahatlar aparmaq gücünə malik olması sözügedən geniş əməkdaşlıq layihəsinin gücünə güc qatan mühüm faktorlardır. Prezident çıxışında bu məsələlərin hər biri haqqında geniş və rəy yaradıcı məlumatlar verdi. Bütün bunların Azərbaycan üçün təkcə daxili inkişaf göstəriciləri olduğunu düşünmək yanlışlıq olardı. Məsələnin mahiyyəti daha dərindir və Azərbaycanın daxili inkişaf göstəriciləri Avrasiya iqtisadi inteqrasiya planlarının həyata keçirilməsində böyük təsir gücünə malikdir". A.Quliyev əlavə edib ki, Prezident İlham Əliyevin Avropa ilə Asiya arasında körpülərin, habelə tranzit-logistika infrastrukturlarının qurulmasına investisiyaların yatırılması barədə dedikləri də forumda maraqla qarşılandı və bu, Avrasiya iqtisadi məkanının inkişafında Azərbaycanın mühüm təsirə malik olduğunu göstərən faktlardandır: "Postneft inkişaf modelinin yaradılmasında Azərbaycanın təcrübəsinin bu yolu tətbiq etməkdə olan bir sıra Asiya ölkələri üçün əhəmiyyətli olmasına şübhə yoxdur. Prezident Pekin forumunda Azərbaycanın iqtisadi inkişafını, Böyük İpək Yolunun bərpası istiqamətində indiyə qədər gördüyü işləri, eyni zamanda, Avrasiya iqtisadi inteqrasiyasına töhfələrini tam şəkildə təqdim edə bildi. Təkcə bu faktı deyək ki, bir sıra çox güclü Çin şirkətlərinin Azərbaycanla yeni sazişlər imzalaması Prezident İlham Əliyevin təqdimatına uyğun reaksiyaların ifadəsi sayıla bilər. Fikrimcə, Pekin forumundan sonra Çin şirkətləri ilə bərabər, digər Cənub-Şərqi Asiya ölkələrinin şirkətlərinin də Azərbaycanla əməkdaşlığa marağı xeyli artacaq". Baş redaktor qeyd edib ki, Azərbaycan Prezidentinin Pekin forumunda çıxışının unikal təsir effektlərindən xəbər verən başqa bir nüans da var: "Prezident İlham Əliyevin forumda "Bir kəmər, bir yol"un təkcə nəqliyyat imkanlarını birləşdirən layihə olmadığı barədə fikirləri bu yolun daha geniş geosiyasi, geostrateji təsirlər doğura biləcəyinə diqqət çəkir. Azərbaycan Prezidenti "Bir kəmər, bir yol" layihəsinin yeni beynəlxalq ikitərəfli və çoxtərəfli münasibətlər doğuracağına işarə etməsi hələ uzun müddət təhlil ediləcək, nəticələr çıxarılacaq və tətbiq olunacaq. Pekin forumu Azərbaycanın Avrasiya iqtisadi əməkdaşlıq və bunun təsiri altında siyasi təhlükəsizlik modelləri üçün nə qədər əhəmiyyətli ölkə olduğunu ilk dəfə geniş şəkildə nümayiş etdirdi. Bir daha təsdiqlənir ki, Azərbaycan iqtisadiyyatı təhlükəsiz və sabit inkişaf edən vahid Avrasiya məkanının yaradılmasında həlledici rol oynayır və oynayacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin