Məzuniyyətdən sonrakı depressiyanın səbəbi nədir?


Digərləri 27 Apr 2019 22:10:00 206 0

Məzuniyyətdən sonrakı depressiyanın səbəbi nədir?

İşə çox bağlı adamların məzuniyyətdən qayıdarkən adaptasiyası daha çətin keçir. Məzuniyyətə ən çox ehtiyacı olanlar elə təzəcə məzuniyyətdən qayıdanlardır.

İlk baxışdan absurd görünən bu fikir əslində boş sözlər deyil. Alimlər bunu onunla izah edirlər ki, istirahətdən, sərbəstlikdən, səyahətdən, yeni təəssüratlardan sonra ciddi iş rejiminin çərçivələrinə sığmaq çox çətin olur.

Həkimlər müşahidə ediblər ki, istirahətdən qayıdanların bir çoxu üçqat enerji ilə işə girişməkdənsə, özlərini pis hiss etməkdən şikayətlənirlər.

Son.az gencaile.az-a istinadən bildirir ki, psixoloqlar isə belə hallarda "Məzuniyyətdən sonrakı depressiya (MSD)" diaqnozu qoyurlar.

Simptomlar

Düşkün əhval-ruhiyyə, apatiya, fikrin dağınıq olması, yuxululuq, üzgünlük. Bəzi insanlarda isə əks reaksiya müşahidə olunur: onlar durmadan məzuniyyət təəssüratlarını öz iş yoldaşları ilə paylaşır və işə başlamaq məqamını hər vəchlə ləngidirlər. Yəqin ki, bu sətirləri oxuyarkən bir çoxları öz davranışını xatırladı. Təəccüblü deyil, çünki MSD tez-tez rast gəlinən haldır və onun səbəbləri də bəllidir.

MSD-nin mümkün səbəbləri

Bir sıra hallarda bir rejimdən digərinə keçidin asan və ya çətin olması məzuniyyətin müddətindən asılıdır. Maraqlıdır ki, istirahətin optimal müddəti barədə ekspertlərin fikirləri kəskin fərqlənir. Bəziləri belə hesab edirlər ki, məzuniyyətdən sonra iş rejiminə adaptasiya olunmağa çətinlik çəkənlər yalnız o adamlardır ki, onlar iki həftə və ondan artıq istirahət edirlər və beləliklə də, əmək fəaliyyətləri ilə əlaqəni itirirlər. Bu halda məzuniyyətdən qayıdanı ilk iş günündə özlüyündə çox ciddi stress olan üst-üstə qalaqlanmış işlər gözləyir.

Lakin buna əks olan fikir də mövcuddur. Belə ki, bəzi mütəxəssislər MSD-ni yarımçıq istirahətlə əlaqələndirirlər. Çox da uzaq olmayan sovet dövründə məzuniyyəti bir neçə hissəyə bölmək praktikası indiki kimi geniş yayılmamışdı və yalnız müstəsna hallarda rast gəlinirdi. Ardıcıl olaraq bir ay məzuniyyətdə olan əməkdaş həm tam, keyfiyyətli istirahət edirdi, həm də hətta işdən ötrü darıxırdı da. İndi isə birdəfəyə istirahət əksər hallarda iki həftədən uzun çəkmir.

Belə qısamüddətli məzuniyyətdən sonra işə başlamağı orqanizm zorakılıq kimi qəbul edir, buna görə də uyğunlaşma mərhələsi tələb olunur. Özü də bir sıra hallarda orqanizm öz istirahət hüququ uğrunda özünəməxsus qaydada - xroniki xəstəliklərin kəskinləşməsi ilə mübarizə aparır.