Doğuşdan sonrakı stress qadınlara


Digərləri 27 Apr 2019 19:07:00 229 0

Doğuşdan sonrakı stress qadınlara

Doğuş qadının həyatında ən ağrılı proseslərdən biridir. Amma bu travmanın milyonlarla gənc ananın həyatına təsiri hələ kifayət qədər öyrənilməyib.

Posttravmatik stress pozuntusu (PTSP) hədsiz stress, qorxu və kədərli hadisələrdən sonra yaranan psixoloji haldır. Bu diaqnoz ilk dəfə Birinci dünya müharibəsində qoyulub. Üstündən 100 il keçsə də, PTSP hələ də müharibəylə əlaqələndirilir və daha çox kişilərə aid edilir.

Halbuki, dünyada milyonlarla qadında doğuşdan sonra PTSP simptomları müşahidə olunur.

Doğuş travmasını ağır keçirən qadınlarda həmin andakı qorxu və çarəsizlik hissləri sonrakı dövrdə kabusa və yaddaşda canlanan xatirələrə çevrilib bunları yada salan hadisələr zamanı panika, narahatlıq və kədər yarada bilir; o travmanı xatırladan hər şeydən, o cümlədən, o mövzu haqqında danışmaqdan qaçmaq arzusu yaradır.

Bu cür ağır simptomların olmasına baxmayaraq PTSP xəstəlik növü kimi ancaq 1990-cı illərdə rəsmən qəbul edilib.

Beynəlxalq Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, hamiləlik və doğuş problemləriylə bağlı hər gün dünyada 803 qadın həyatını itirir.

Amma doğuş sonrası PTSP simptomları müşahidə edilən qadınların sayıyla bağlı ətraflı məlumat yoxdur. Bəzi təxminlərə görə, 100 qadından 4-ü bu simptomlardan əziyyət çəkir.

2003-cü ildə aparılan bir araşdırmanın nəticələrinə görə, "travmalı doğuş" sonrası üç qadından birində PTSP yaranır.

Dünyada hər il 130 milyon uşaq doğulduğunu nəzərə alsaq, PTSP problemiylə üzləşən qadınların böyük əksəriyyətinə bu diaqnozun qoyulmadığını təxmin etmək olar.

PTSP riski nə zaman artır?

Doğuşdan sonra PTSP simptomları fərqli şəkildə üzə çıxa bilir.

Məsələn, tez-tez doğuş anını xatırlamaq, eyni acı və qorxunu təkrar-təkrar yaşamaq, özünü təhlükədə hiss etmək, hədsiz narahat olmaq kimi...

Ekspertlər bildirirlər ki, doğuş prosesinin kifayət qədər nəzarət altında olmadığını düşünən, ya da o an xidmət və dəstəkdən məhrum olan qadınlarda PTSP riski daha yüksəkdir.

Doğuşdan çox-çox əvvəl başqa bir travma və ya depressiya keçirmiş qadınlarda isə PTSP riski beş dəfə çoxdur.

Xatirələrin toplanması problemi

PTSP beyin və hafizənin birgə fəaliyyətinin nəticəsi kimi xarakterizə edilir.

Normal halda xatirələr beynin hipokampus hissəsində toplanır.

Amma travma keçirmiş şəxsin zehni təkamül nəticəsində inkişaf etmiş və ətrafdakı təhlükələrdən qorunmağa xidmət edən "vur və ya qaç" reaksiyası nümayiş etdirir, bu zaman beynin qorxuyla əlaqəli olan badamvari cismi fəaliyyətə keçir.

Bu isə xatirələrin etibarlı şəkildə toplanması əvəzinə, beynin bu ibtidai hissəsində ilişib qalmasına gətirib çıxarır.

Travma anını xatırladan hadisə, məsələn, televizorda doğuş səhnəsi görmək şəxsin o andakı təhlükəni canlı şəkildə hiss etməsinə və təşvişə düşməsinə səbəb ola bilir.

Müayinələr zamanı məlum olub ki, PTSP simptomları müşahidə edilən keçmiş əsgərlərdə beynin sağ badamvari cismi digər insanlarda olduğundan 6 dəfə böyükdür. Bu qorxu hissinə nəzarət edir.

Eyni halın doğuşdan sonra PTSP müşahidə edilən qadınlarda da olub-olmadığını yoxlamaqla risk altında olanları aşkar etmək və gecikmiş diaqnoz problemini aradan qaldırmaq olar.