Zelenski Türkiyəyə gedib "Şənlik" festivalına


Dünya 27 Apr 2019 19:09:00 236 0

Zelenski Türkiyəyə gedib  "Şənlik" festivalına

Ukraynadakı prezident seçkisinin qalibi Volodimir Zelenski Türkiyəyə gedib. Amma bu, rəsmi səfər deyil. Xəbəri Zelenski özünün Facebook profilində yazıb.

Zelenskinin paylaşımı sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Çünki bir gün əvvəl o, MSK-nı rəsmi nəticəni açıqlamağı ləngitməkdə və nələrisə ondan gizlətməkdə ittiham etmişdi.

"Razılaşmışdıq ki, hər şeyi açıq danışacağıq. Beləliklə, Türkiyəyə uçuruq. Uşaqları "Şənlik" festivalına aparırıq", - Zelenski statusunda belə yazıb.

"Şənlik" - "Kvartal 95" studiyasının hər il Türkiyənin Bodrum şəhərində keçirdiyi festivaldır.

Söhbət hansı festivaldan gedir?

Studiyanın saytında qeyd edilir ki, bu, zəngin idman-əyləncə proqramları olan böyük bir "pioner düşərgəsidir". Bu il festival 30 aprel-7 may aralığında keçiriləcək.

Tədbirdə iştirak edəcək incəsənət adamları arasında Tina Korol, Nastya Kamenskix və "Antitela" qrupu da var. Proqamın idman bölümünə Vasili Virastyuk rəhbərlik edəcək.

Zelenski qeyd edib ki, son dörd ay ərzində bu onun ilk istirahətidir və səfəri cəmi iki gün çəkəcək: "Hamınıza mehribanlıq, sağlamlıq və normal istirahət arzulayıram".

"Onsuz da heç nə edə bilməyəcək"

Zelenskinin bu paylaşımından sonra sosial şəbəkələrdə "prezident Zelenskinin ilk səfəri"iylə bağlı zarafatyana statuslar yazılıb.

"Yeni seçilmiş prezidentin ilk səfərinin hara olacağı barədə təxminlər yazan ekspertlər biabır oldular. Yox, bu, Polşa deyil, ABŞ da deyil, Brüssel və hətta heç Berlin də", - Sergey Sidorenko belə yazıb.

Volodimir Zelenskinin statusuna şərh yazanlar iki düşərgəyə bölünüblər.

Bəziləri heç cür başa düşə bilmirlər ki, rəsmi Kreml "DXR" və "LXR" vətəndaşlarına Rusiya pasportu verdiyi günlərdə necə əylənmək olar; digərləri isə əksinə, onun hərəkətində dəhşətli bir şey görmürlər, çünki Zelenski hələ prezident vəzifəsini rəsmən icra ertmir və indi "onsuz da heç nə edə bilməz".