Milli Dram Teatrı Mahaçqalaya qastrola yola düşüb (FOTO)


Digərləri 27 Apr 2019 17:36:00 202 0

Milli Dram Teatrı Mahaçqalaya qastrola yola düşüb (FOTO)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb.

Bakı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb. Teatrın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mədəniyyət ocağı “Ölülər” tamaşası ilə Azərbaycanı Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalında təmsil edəcək. Festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək. Beynəlxalq mədəniyyət tədbirində “Ən yaxşı tamaşa”, “Ən yaxşı mono tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı kişi rolu” və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq. İlk tamaşa Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının “İtirilən gün”, son nümayiş isə aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Ölülər” əsəri olacaq. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə Anar Sadıqov və Əlif Cahangirlidir.