Tom Buçer: Bakı trasında asfaltla bağlı heç bir problem yoxdur, pilotlar narazılıq etmir


Digərləri 27 Apr 2019 14:16:00 167 0

Tom Buçer: Bakı trasında asfaltla bağlı heç bir problem yoxdur, pilotlar narazılıq etmir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən gün Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 üzrə sərbəst yürüş zamanı bolidin drenaj qapağına ilişməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bakı. Elçin Mehdiyev - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən gün Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 üzrə sərbəst yürüş zamanı bolidin drenaj qapağına ilişməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Trend-in məlumatına görə, BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu cür hadisələr digər ölkələrdə də baş verir: “Biz treki hazır vəziyyətə gətirib Beynəlxalq Avtomobil Federasiyasına (FİA) təhvil veririk. FİA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarış keçirilir. Onun icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz. Hadisəyə gəlincə, illərlə Formula 1 yarışları keçirilən ölkələrdə də bu cür hadisələr baş verir. Bizdə də bu cür hadisənin baş verməsi normaldır. Özü də bu hadisə yarış zamanı deyil, test yürüşündə baş verib”. Şöbə rəhbərinin sözlərinə görə, bu hadisə, əsasən yerli tamaşaçılar tərəfindən müzakirə edilib, xarici tamaşaçılar bunu normal qəbul edib, hətta maraqla qarşılayıb: “Xarici tamaşaçılar bildirirlər ki, Azərbaycanda keçirilən test yürüşü Çin Qran prisindən daha maraqlıdır”. BŞH-nın Tikinti şöbəsinin rəhbəri Tom Buçer isə bildirib ki, hadisə baş verəndən dərhal sonra FİA mütəxəsisləri ilə birgə əraziyə baxış keçirildi: “FİA mütəxəsisləri ilə 3 toplantı keçirildi, trekdə olan bütün drenaj qapaqları yenidən yoxlanılıb və digər təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilib. FİA bizim 16 saat ərzində gördüyümüz bu işləri yüksək qiymətləndirib və yarışların davam etdirilməsinə icazə verib”.