Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir"


Siyasət 26 Apr 2019 17:17:00 206 0

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir"

"Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı əlavə edib: "Sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır".

İlham Əliyev vurğulayıb ki, işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib:

"İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".