Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)


Digərləri 26 Apr 2019 15:27:00 202 0

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilib.

Bakı. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Elmi-tədqiqat Oftalmologiya İnstitunun Elmi metodik şöbəsinin müdiri Yazgül Abdiyeva, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak ediblər. Əvvəlcə yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür-gün yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirib ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti Zərifə xanımı hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Bu böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksiyon xəstəliyi geniş yayılmışdı. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi. O, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsi, elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. Zərifə xanım 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olub. Zərifə Əliyeva bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək, bu mükafatı alan ilk qadın olub. Akademik Z.Əliyeva, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı ləyaqətlə daşıyıb. YAP Qaradağ rayon təşkilatının sədri Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Xatirə günündə bir daha qeyd olunub ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.