Nəsiminin yubileyi Budapeştdə qeyd olunub


Digərləri 26 Apr 2019 09:09:00 206 0

Nəsiminin yubileyi Budapeştdə qeyd olunub

Budapeştdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

Bakı. Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Macarıstandakı səfirliyimiz, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə aprelin 24-də Budapeştdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir Yunus Əmrə İnstitutunun Budapeştdəki binasının foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi ilə açılıb. Kitab sərgisinin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli filmin nümayişi olunub. Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül Azərbaycan Nümayəndə heyətinin üzvlərini və bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının və dahi şairin yubiley tədbirlərinə ev sahibliyi etdiyindən böyük şərəf duyduğunu söyləyib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyev Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən respublikamızda və onun hüdudlarından kənarda “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini söyləyib. O, böyük Azərbaycan şairi Nəsiminin ədəbiyyat tariximizdə tutduğu yerdən və mövqedən danışaraq onun bir filosof şair və sufilik təriqətinin ənənələrinin ideoloqlarından biri olduğunu xüsusilə vurğulayıb. Səfir İ.Nəsiminin Azərbaycanın Şamaxı bölgəsində doğularaq boya-başa çatdığını, bütün Şərqi, Anadolunu, Ərəbistanı gəzib dolaşaraq öz dərin fəlsəfi yüklü və insani ideyalarla zəngin poeziyası ilə hamının qəlbini riqqətə gətirdiyini, şeirlərinin Azərbaycan, Türkiyə, Şərqi Anadolu, İran və Suriyada dillər əzbəri olduğunu və hamı tərəfindən sevildiyini söyləyib. Professor Vilayət Quliyev çıxışında bildirib ki, dahi Nəsiminin 650 illik yubileyi tədbirinin məhz Yunus Əmrə İnstitutunda keçirilməsi təsadüfi xarakter daşımır. Burada macar türkoloqlarının iştirakı və maraqlı məruzələrlə çıxış etməsi də Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin olmasına və bu ənənənin bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etdiyinə dəlalət edir. Daha sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə şərait yaratdığı üçün Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. Bildirib ki, Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən keçirilib və bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə UNESCO-nun qərargahında da təşkil olunub. Bütün bunlar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə və onun görkəmli şəxsiyyətlərinə verdiyi böyük dəyərin bariz nümunəsi idi. Bu ənənənin uğurlu davamı olaraq ulu öndər Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın15-də İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin geniş şəkildə və yüksək səviyyədə keçirilməsi barədə tarixi Sərəncam imzalayıb və bir qədər də irəli gedərək bütövlükdə 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə qərar verib. Natiq qeyd edib ki, bütün bunlar müstəqil Azərbaycan Respublikasında mədəniyyətə, ədəbiyyata və onun görkəmli nümayəndələrinə, milli-mənəvi dəyərlərimizə verilən qiymətin və diqqətin nümunəsi hesab olunmalıdır. Vaqif Əliyev qeyd edib ki, bu gün Azərbaycanda, Macarıstan kimi ölkəmizə dost olan bütün ölkələrdə, Parisdə UNESCO çərçivəsində Nəsiminin yubileyi ilə əlaqədar çoxlu sayda tədbirlər keçirilir, dahi şairimiz yad edilir: “Bu kimi tədbirlər və burada türk və macar türkoloq alimlərinin iştirakı bizləri biri-birimizə daha da yaxınlaşdırır, ədəbiyyatlarımızın və ənənələrimizin inteqrasiyasına böyük yol açır”.