DST: qızılcanın qarşısını almaq üçün...


Digərləri 26 Apr 2019 07:46:00 235 0

DST: qızılcanın qarşısını almaq üçün...

Qızılca bütün dünyada - həm yoxsul, həm də zəngin dövlətlərdə çox sürətlə yayılmaqdadır. Bunun əsas səbəbi immunlaşdırlmanın aşağı səviyyəsidir ki, bu da bir qayda olaraq, valideynlərin öz övladlarını peyvəndləməkdən imtina etməsi ilə izah edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunda vaksinləmənin zərəri barədə mifləri yox etməyə və qızılcanın yayılmasının qarşısını almağa çağırırlar.

Bu ilin ilk üç ayında dünyada 110 min qızılcaya yoluxma halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz çoxdur. Qızılcadan ölüm halları da artmaqdadır: 2017-ci ildə bu xəstəlik nəticəsində 110 min nəfər ölüb. Bu, ondan əvvəlki illə müqayisədə 22 faiz çoxdur. Ölənlərin əksəriyyəti uşaqlardır.

Ekspertlər qeyd edirlər ki, qızılca dünyanın hər yerində yayılır. Xəstəliyin yayılması barədə Gürcüstan, Konqo Demokratik Respublikası, Qazaxıstan, Qırğızıstan, Madaqaskar, Myanma, Sudan, Tailand, Filippin, Ukrayna və Efiopiyadan xəbər verirlər. Son aylar hətta vaksinləmə səviyyəsinin yüksək olduğu ABŞ, İsrail, Tailand və Tunis kimi ölkələrdə də yoluxma halları qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə DST-nin Avropa regionundakı 53 ölkədən 47-də təxminən 83 min insan qızılcaya tutulub, 72 nəfər isə bu xəstəlik ucbatından dünyadan köçüb. Regionda qızılcaya tutulma hallarının 60 faizindən çoxu Ukraynanın payına düşür.

UNICEF-də bildirirlər ki, bir çox valideynlər öz uşaqlarını peyvəndləməkdən imtina edir və ya sonraya saxlayırlar. Bir qayda olaraq, bu, peyvəndin zərəri barədə hazırda internetdə çox asanlıqla yayılan miflərlə bağlıdır. Bir sıra onlayn platformalar vaksinlər barədə bu yalan xəbərləri aradan qaldırmaq üçün tədbirlər görürlər. Lakin Uşaq Fondunda hesab edirlər ki, bu, kifayət etmir. Onlar vaksinləmənin vacibliyi barədə valideynləri məlumatlandıracaq tibb işçilərinə daha çox ümidlər bəsləyirlər. Dövlət də, öz növbəsində, ilkin tibbi yardımın və immunlaşdırmanın əlçatan olmasını təmin etməlidir.