YAP akademik Zərifə Əliyevanın anadan olmasının 96cı ildönümünə həsr olunmuş tədbir keçirib FOTO


Digərləri 25 Apr 2019 16:54:18 200 0

YAP akademik Zərifə Əliyevanın anadan olmasının 96cı ildönümünə həsr olunmuş tədbir keçirib  FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri - Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir məktəblilərin şeir kompozisiyası ilə başlayıb. Daha sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru professor Nurlana Əliyeva bu gün şərəfli bir insanın xatirəsini yad etmək üçün toplaşdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Onun sözlərinə görə, ömürboyu insanların gözünə nur verən və həyatı da nura çevrilən Zərifə Əliyeva Azərbaycan qadınları üçün bir örnək olub: "Çox ziyalı ailədə boya-başa çatan Zərifə Əliyevanın həyatı mənalı olduğu qədər həm də çox məsuliyyətli olub. O, təvazökar olduğu qədər uca olub. O, çətinlik çəksə də, həmişə Azərbaycan anasını ən uca səviyyədə təmsil edə biləcək qədər uca olub. O, milli-mənəvi keyfiyyətlərini heç zaman heç nəyə dəyişməyib".

Akademik Zərifə Əliyevanın Azərbaycan tarixində, ölkənin milli-mənəvi həyatında mühüm rol oynadığını söyləyən rektor əlavə edib ki, Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssiməsi olan Zərifə Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq:

"Bu gün Zərifə xanım öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə çevrilib. Bu gün onun çırağını yandıran Mehriban Əliyevanın da fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. Zərifə xanımın oğlu, dövlətimin başçısı İlham Əliyevin fəaliyyətindən bu gün hər birimiz fəxr duyuruq".


Xəbərə aid fotolar