Azərbaycan Universitetində V Avropa İqtisadi Konqresi işə başlayıb (FOTO)


Digərləri 25 Apr 2019 16:25:00 164 0

Azərbaycan Universitetində V Avropa İqtisadi Konqresi işə başlayıb (FOTO)

Bu gün Azərbaycan Universitetində Avropa İqtisadi Konqresləri seriyasından olan beşinci tədbir öz işinə başlayıb.

Bakı. Bu gün Azərbaycan Universitetində Avropa İqtisadi Konqresləri seriyasından olan beşinci tədbir öz işinə başlayıb. Universitetdən Trend-ə verilən məlumata görə, konqresin digər həmtəşkilatçıları Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universitetidir. İndiyə qədər dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu beynəlxalq tədbir bu il “Qlobal iqtisadi trendlər” mövzusuna fokuslanır. Universitet rəhbərliyi və beynəlxalq heyət səhər saatlarında Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Ümummilli liderin universitetin foyesindəki büstünün önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub. Tədbirin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən rektor Səadət Əliyeva iqtisadiyyat sahəsində çalışan alimlərin diqqətini ciddi elmi tədbir kimi cəlb edən konqresin coğrafiyasının getdikcə genişləndiyini və iştirakçıların sayının artdığını bildirib. Rektor qeyd edib ki, dünyada gedən qloballaşma tendensiyası və onun iqtisadiyyat da daxil olmaqla insan fəaliyyətinin bütün sahələrinə təsiri iqtisad elminin də qarşısına yeni tələblər qoyur. Azərbaycanda Prezident İlham Əliyevin elan etdiyi iqtisadi islahatlar paketləri və onların həyata keçirilməsi nəticəsində əldə olunan uğurların davamlı olmasının bir təminatı da qloballaşma şəraitinin doğurduğu reallıqların nəzərə alınması, onların elmi-nəzəri və praktiki əsaslandırılmasının təmin edilməsidir. Səadət Əliyeva konqresin təklif etdiyi platformanın belə məsələlərin müzakirəsi, onlara müxtəlif elmi baxışların formalaşdırılması və konkret elmi nəticələrin alınması baxımından uğurlu olacağına inandığını deyib.