Zakir Həsənov aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında


Digərləri 25 Apr 2019 10:34:00 286 0

Zakir Həsənov aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək qarşısına gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

General-polkovnik Zakir Həsənov və digər rəhbər şəxslər uçuşlara nəzarət və idarəetməni yerinə yetirən yeni quraşdırılan naviqasiya sisteminə, HHQ-nin təlim-məşq poliqonunun tədris otaqlarına, eləcə də ərazidəki digər xidməti və inzibati obyektlərə baxış keçirib. Nazir zenit-raket komplekslərinin heyətlərinin, quru qoşunların hava hücumundan müdafiə bölmələrinin, radio-texniki bölmələrin texniki heyətlərinin məşğələlərini izləyib, S-125 zenit-raket kompleksinin idarəetmə məntəqəsində olub.

Müdafiə nazirinə məruzə edilib ki, Türkiyə, İsrail, ABŞ, Fransa, Böyük Britaniya, Norveç və bir sıra digər ölkələrin şirkətlərinin istehsal etdiyi müasir avadanlıq ilə təchiz edilən birləşmiş komanda məntəqəsinin əsas təyinatı müxtəlif növ hərbi aviasiya vasitələrinin uçuşlarının idarəedilməsini, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasını fasiləsiz təmin etməkdir.