Bəzi qüvvələr iqtidarı şantaj edib, siyasi alverlə güzəştlər qoparmaq istəyirlər


Siyasət 25 Apr 2019 07:00:00 225 0

Bəzi qüvvələr iqtidarı şantaj edib, siyasi alverlə güzəştlər qoparmaq istəyirlər

"Müxalifətdəki bəzi qüvvələr, xüsusən də Milli Şura və Əli Kərimlinin rəhbərlik etdiyi AXCP son zamanlar Azərbaycanın Avropa İttifaqı ilə imzalanacaq saziş məsələsini ona görə tez-tez gündəmə gətirirlər ki, bundan iqtidara və Azərbaycan hökumətinə qarşı təzyiq və şantaj vasitəsi kimi istifadə etsinlər".

Bu barədə Son.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib.

O, fikirlərini belə izah edib: "Onlar deyirlər ki, əgər biz Avropaya, Qərbə desək ki, Azərbaycanda demokratiya yoxdur, onlar bizə inanacaqlar və sizinlə əməkdaşlıqdan imtina edəcəklər. Ona görə də bu kartı əllərində təzyiq kimi istifadə etməyə çalışırdılar. Lakin müxalifətdə alternativ fikir yürüdən qüvvə olan REAL partiyasının nümayəndələri Brüsseldə olanda orada bunun tam əksini dedilər. Onlar deyiblər ki, Azərbaycanda islahatlar həyata keçirilir. Ümidverici məsələlər var. Bu da müxalifət qüvvələri arasında parçalanmaya gətirib çıxarıb. Çünki özlərini müxalifətin anası sayan Milli Şura, Müsavat Partiyası, AXCP və ən çox da onun sədri Əli Kərimli iqtidarın qarşısında müəyyən şərtlər, tələblər qoymaq istəyirdilər. Ola bilər ki, onlar parlamentə bir neçə mandat istəyib və ya başqa şeylər istəyiblər. Yəni onlar hakimiyyəti sövdələşməyə vadar etmək istəyirdilər.

Hesab edirlər ki, əgər onlar "Azərbaycanda demokratiya yoxdur", "insanlar narazıdır" və s. desələr, o zaman Qərbdə məhz onlara qulaq asacaqlar. Lakin REAL-çıların Avropa Birliyində tam əks fikirlər səsləndirməsindən sonra vəziyyət dəyişdi. Bu məqam qaragüruhçuların siyasətini alt-üst elədi. Məhz bundan sonra bu iki qüvvə arasında narazılıq artmağa və dərinləşməyə başladı. Çünki Milli Şura iqtidarı özündən asılı edə bilmədi". Politoloq qeyd edib ki, Milli Şuranın bütün istəklərinə baxmayaraq, onların siyasi alver cəhdi baş tutmayıb: "Bu qüvvələr hər cür çalışır ki, Azərbaycanın Qərblə əlaqələrinə müdaxilə eləsinlər və bunu siyasi alver predmetinə çevirib hakimiyyətdən müəyyən dividentlər əldə etsinlər.

Onlar sazişin mətni ilə bağlı dezinformasiya yayır və cəmiyyətdə süni narazılıq yaratmağa çalışırlar. Guya həmin sənəddə Qarabağın Azərbaycanın ərazisi olduğu göstərilməyib. Yəni bu qüvvələr hər şeyi edirlər ki, hakimiyyəti gözdən salsınlar. Onlar hər şeyi edirlər ki, hətta siyasi şantaj yoluna da əl atırlar ki, müəyyən güzəştlər qoparsınlar. Bəzi qüvvələr iqtidarı şantaj edib siyasi alverlə güzəştlər qoparmaq istəyirlər. Lakin hadisələrin gedişi onların planlaşdırdığı kimi olmadı".

N.Məmmədovanın fikrincə, artıq vəziyyət elə həddə çatıb ki, hətta Qərb dövlətləri də müxalifətlə bağlı məsələdə gözləmə mövqeyi tutublar: "ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenberger də hələ ki, müxalifətlə görüş keçirməyib. Görünür müxalifətdaxili intriqalar, narazılıqlar da ABŞ səfirini düşünməyə məcbur edib. Yəqin o da gözləyir ki, bunlar sakitləşib bir qərara gəlsinlər, sonra onlarla görüşsün. Görünür, bu məsələdə nəinki ABŞ, digər dövlətlər də gözləmə mövqeyi tutublar".

İlkin İzzət Son.az