Hər bir kişi bu müayinələrdən keçməlidir


Digərləri 24 Apr 2019 23:21:00 198 0

Hər bir kişi bu müayinələrdən keçməlidir

Harvard Tibb Məktəbinin apardığı statistik araşdırmaya əsasən, qadınlarla müqayisədə, kişilər profilaktik tibbi müayinələrdən, yəni skrininq-testlərdən keçməyə az meyilli olur.

Son.az oxu.az-a istinadən bildirir ki, ABŞ ailə həkimləri akademiyasının keçirdiyi ictimai sorğulara əsasən, respondent kişilərin 55 faizi ötən il ərzində, ümumiyyətlə, bir dəfə olsun belə ümumi müayinə üçün həkimə və ya tibb müəssisəsinə müraciət etməyib. Halbuki onların 40 faizində azı bir xroniki xəstəlik müşahidə olunub.

Sorğuda iştirak edən 55 və daha yuxarı yaşlarda olan kişilərin təxminən 20 faizi heç vaxt yoğun bağırsaq xərçənginə qarşı skrininqdən keçməyib, 30 faizi isə "hər hansı bədən üzvləri ağrımayana" qədər, ümumiyyətlə, həkimə və ya tibb müəssisəsinə müraciət etmir.

Skrininq xəstəliklərin erkən, hələ simptomları üzə çıxmamış aşkarlanması üçün aparılan müayinəyə deyilir. Sizdə əvvəllər hər hansı xəstəlik olubsa, aşağıda göstərdiyimiz zəruri testlərdən keçməyi tövsiyə edirik.

50+ yaşda olanlar üçün skrininq testlər

Abdominal aortanın anevrizmi

Siqaret çəkən və ya nə vaxtsa çəkmiş, yaşı 65-dən 75-ə kimi olan kişilərin abdominal (qarın) aortanın anevrizminə qarşı USM müayinədən keçməsi tövsiyə olunur.

Arterial təzyiq

Əgər sizin normal arterial təzyiqiniz varsa (120/80 və daha aşağı), hər iki ildən bir nəzarət lazımdır, əgər sizdə yüksək arterial təzyiq və ya ürək-damar xəstəliklərinin və insultun (misal üçün, siqaret və ya şəkərdən) yüksək riski varsa, hər il müayinədən keçmək mütləqdir.

Xolesterin

Hər beş ildən bir xolesterin səviyyəsinin ölçülməsi ilə bağlı müayinədən keçmək vacibdir. Ürək-damar xəstəlikləri riski zamanı belə skrininqlər daha müntəzəm hal almalıdır.

Kolorektal xərçəng

Yaşı 50-dən 75-ə olan kişilər bu üç müayinədən keçməlidirlər: Hər il hər hansı xərçəng ünsürlərinin olub-olmadığını bilmək üçün qan və nəcis nümunələri müayinə olunmalıdır, hər beş ildən bir elastik siqmoidoskopiyadan, hər on ildən bir isə kolonoskopiya müayinəsindən keçməlidir. 75 yaşa qədər bütün müayinələrin nəticələri mənfi olsa, yəni hər hansı xərçəng əlaməti izlənilməsə, testlərin davam etdirilib-etdirilməməsi ilə bağlı həkimlə məsləhətləşmək lazımdır.

Diabet

Artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 40-70 yaşlarında kişilər qanda şəkər miqdarının müəyyən edilməsi və şəkərli diabetin olub-olmaması ilə bağlı müayinədən keçməlidirlər. Sizdə ikinci tip şəkərli diabetin risk faktoru, ürək-damar xəstəlikləri, 135/80-dan yüksək qan təzyiqi izlənilirsə, arterial təzyiqə nəzarət üçün dərman qəbul edirsinizsə, şəkərli diabetlə bağlı müayinələrin hansı intervallarla keçirilməli olduğunu həkimlə müzakirə edin.