Göylərdə yazılan Rövşən Abdullaoğlunun səmada düşündüklərindən


Digərləri 24 Apr 2019 21:20:00 228 0

Göylərdə yazılan  Rövşən Abdullaoğlunun səmada düşündüklərindən

Son.az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun "Başlanğıcda söz var idi"  silsiləsindən üçüncüsü olan "Göylərdə yazılan" məqaləsini təqdim edir:

- Haradan gəlir bu səmavi sözlər?

- İlk Kitabdan. Orada sözlərin sonsuz xəzinələri var.

- İlk Kitab haradadır?

- Göylərdə.

- Surəti necədir?

- Kağızdan, vərəqdən olmayan, nurdan bir kitab.

- İlk Kitabın adı nə?

- Ana... Ana Kitab. Çünki o, tarix boyu həqiqətlər yazılmış bütün kitabların rüşeymini öz bətnində böyüdüb. Tək həqiqət odur. Doğru və yanlış sözləri onunla uzlaşdırılar.

- Müəllifi kimdir?

- Qələm.

- Ana Kitab hansı dildədir?

- Dili olmayan, söz-söz, cümlə-cümlə bölünməyən, hərfi və nöqtələri olmayan bir bütövdür.

- Səmavi sözlərin endiyi ilk yer?

- Qəlb. Orada cilalanar, mənalanar.

- Harada hərflənər?

- Düşüncədə. Hərə bir qəlibə salar.

- Bu necə olur? Bir az daha anlat.

- Su damlaları əvvəl bulud olar, sonra yağış. Rəngarəng bitkilərin əvvəli qara torpaqdır. Torpağın içində gülü güldən seçərsənmi?

- İlk Kitabı oxuya bilən varmı?

- Yalnız pak olanlar.

- İlk kim oxuyub?

- İlk İnsan.

- Səmavi sözlər niyə hərfdən libasa bürünüb yerə endilər?

- Hamı oxuyub anlasın deyə.

- Səmavi kitabdan nə qədər anlayarlar?

- Hərflənmiş kitabdan anladıqları qədər.

- İlk Kitabda nə yazılıb?

- Varlıq.

- Göyləri tanıt mənə!

Ol! - Rövşən Abdullaoğlu yazır - Paklıq yurdu. Nuraniyyət qoxulu, kəramətlə dolu. Dünyadan uzanan çirkin əllərin toxuna bilməyəcəyi müqəddəs aləm. Zaman və məkanın məhdudluğundan uzaq, sabit və dəyişməz. Səmavi sözlər kimi, kainatda olan hər gözəllik - ulduzlar, təbiət, canlılar, dəniz məhz ordandır. Səmavi sözlər buna görə dəyərdən düşməz, dəyişikliyə uğramaz, qəlblər onlarla aramlıq tapar.

- Təəccüblüdür.

- Elə bir aləmin varlığı?

- Zülmani sözlərin varlığı. Nuraniyyətdən necə yaranıblar?

- Zülmət göylərdən enməz, yerdən doğar.

- Onu nə doğurar?

- Səmavi sözlər.

- Daha da dolaşdım.

- Tikanlı, zəhərli bitkini saf yağış suyu bitirməzmi?! Yağış suyunun üzündəki köpük nədəndir, düz ağacın əyri kölgəsi hardandır?

- Niyə səmavi sözlər sinələrdə az yaranır?

- Göylərdən o qədər endirilər.

- Xəzinə sahibi xəsisdirmi?

- Sözləri qəbul edə bilən pak sinələr az, olanların çoxu da sərtləşmiş.

- Deyirlər, səmavi söz demək, təsirli yazmaq üçün qəlbi zədələmək lazımdır?

- Nə ilə?

- Nakam sevgi, xəyanətin acısı.

- Əli titrəyən ovçu hədəfini vura bilərmi? Gözəllik qüsurdan doğarmı, zülmət nur saçarmı?!