Rus bölməsinin ilkə imza atan tələbəsi


Digərləri 24 Apr 2019 20:49:00 253 0

Rus bölməsinin ilkə imza atan tələbəsi

Bir neçə gün əvvəl rus, yoxsa Azərbaycan bölməsi ətrafında müzakirələr getdi. Jurnalistlərdən biri müzakirəyə qoşularaq, rus bölməsinin abituriyentləri arasında 700 bal yığanın olmadığını bildirdi. Əslində isə var.

Nərgiz İsmayılbəyli Azərbaycan təhsil tarixində 2007-ci il üçün rus bölməsi üzrə ilk dəfə 700 bal toplamış abituriyentdir.

Son.az Oxu.az-a istinadən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilini xarici ölkədə davam etdirən mama-ginekoloq Nərgiz İsmayılbəyli ilə müsahibəni təqdim edir:

Nərgiz 1990-cı ildə anadan olub. 1997-ci ildə Bakıda 10 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.

Prezident təqaüdünə layiq görülüb. Altı il orada təhsil aldıqdan sonra 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Respublika Diaqnostika Mərkəzində Rezidenturaya daxil olub.

2011-ci ildə yay istehsalat təcrübəsi çərçivəsində İtaliyanın Genuya Universitetinin klinikasında ginekologiya şöbəsində həkim köməkçisi kimi fəaliyyət göstərib.

- Necə oldu Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına qoşuldunuz?

- Rezidenturaya qəbul olduğum il analıq məzuniyyətinə çıxmışdım. Həmin ərəfələrdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə tanış oldum. Müraciət etdim. Burada rezidentura təhsilimi dayandırdım və proqram çərçivəsində İtaliyanın Roma "La Sapienza" Universitetində (Universita di Roma "La Sapienza") "prenatal diaqnostika və dölün patologiyası" ixtisası üzrə təhsilimi davam etdirdim.

Orada iki il təhsil aldım: birinci il dövlət hesabına, ikinci il isə öz hesabıma. Daha sonra yenidən buraya qayıtdım və rezidentura təhsilimi yenidən davam etdirirəm. Artıq dördüncü kursdayam, bir ildən sonra həkim kimi fəaliyyətə başlayacağam.

- İtaliyadakı təhsillə Azərbaycandakı təhsil arasında hansı oxşar və fərqli məqamlar var?

- İtaliyada aldığım təhsillə Azərbaycandakı təhsili müqayisə edə bilməyəcəyəm. Çünki fərqli bölmələr üzrə təhsil almışam. Mən orada bir il "prenatal diaqnostika və dölün patologiyası", ikinci il isə sonsuzluq problemləri ilə bağlı oxumuşam. Burada isə mama-ginekoloq üzrə təhsil alıram.