"Azərbaycan Qran Prisi düzgün təkər seçimi baxımından ən çətin yarışlardan biridir"
Digərləri 24 Apr 2019 13:20:00 311 0
"Pirelli" şirkətinin rəsmi veb-səhifəsində "Formula 1 SOCAR Azərbayca Qran Prisi 2019" yarışı ilə bağlı təkər seçimlərinə dair məqalə yayımlanıb. Son.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri, küləkli və dəyişkən hava şəraiti və həmçinin trek ətrafındakı tikililərin trekdəki hava axınına və trek səthinin istiliyinə təsiri komandalara düzgün təkər strategiyasının qurulmasında çətinlik törədir.
Məqalədə aşağıdakı faktlara yer verilib:
Bakı Şəhər Halqası ən uzun və ən sürətli şəhər trekidir. Yüksək sürət, kəskin döngələr və ensiz hissələr bu trekdə qəzaları qaçılmaz edir. Nəticədə təhlükəsizlik maşını trekə daxil olur. Digər tərəfdən, Formula 1 trekləri içində ən uzun sürətlənmə düzlüyü buradadır və bu düzlük təkərlərin istiliyini aşağı salır. Bundan başqa, şəhər treki olduğunu görə burada səth hamardır və bu da öz növbəsində təkərlərin asfalta möhkəm ilişməsinə mane olur.
Bakı həm də "küləklər şəhəri" kimi tanınır və külək bolidlərin aerodinamikasına böyük təsir göstərir. Trekin ətrafında çox mərtəbəli binaların olması bu bina aralarından trekə müxtəlif istiqamətlərdə güclü hava axınının daxil olmasına səbəb olur. Başqa tərəfdən, yarış 16:10-da başlayır və trek səthində temperatur tezliklə aşağı düşə bilir. Ümumiyyətlə indiyədək Bakıda keçirilmiş Qran Pri yarışları həm çox isti, həm də sərin hava şəraitində baş tutub. Qeyd olunan bu səbəblər Bakı üçün sabit strategiyanın qurulmasını mümkünsüz edir.