Azərbaycan Dillər Universitetində “Çin dili günü” keçirilib (FOTO)


Digərləri 24 Apr 2019 09:59:49 222 0

Azərbaycan Dillər Universitetində “Çin dili günü” keçirilib (FOTO)

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Bakı. Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədi və BMT-nin İctimai İnformasiya Departamentinin təklifi ilə 2010-cu ildə yaradılan Çin dili gününə həsr olunmuş bayram tədbiri keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, bayramda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitablar, tədris ədəbiyyatı və materialların sərgisi keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb. R.Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağın artdığını qeyd edən R.Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib.