Azərbaycan tarı ilə bağlı elmi müzakirələr aparılıb


Digərləri 23 Apr 2019 23:42:00 239 0

Azərbaycan tarı ilə bağlı elmi müzakirələr aparılıb

Beynəlxalq Muğam Mərkəzində geniş miqyaslı "Dəyirmi masa" layihəsi çərçivəsində "Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri" adlı elmi-praktiki konfrans keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, konfrans Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə giriş sözü ilə çıxış edən Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova konfransın əhəmiyyətindən söz açaraq qeyd edib ki, milli musiqi alətimiz olan tarı yaşatmaq, onu daha da təkmilləşdirərək gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin təşkili olduqca təqdirəlayiqdir.

Sonra Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi (elmi-tədqiqat) Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun tar əmsalları və standartları haqqında məruzəsi dinlənilib. Məruzədə milli musiqi aləti olan tarın pərdə quruluşu, not sistemi,diapazonu, bədii-texniki imkanları haqqında məlumat verilib.


Xəbərə aid fotolar