TEDxUNEC konfransı: Azərbaycan. Lider. Tərəqqi (MÜSAHİBƏ)


Digərləri 23 Apr 2019 20:14:00 188 0

TEDxUNEC konfransı: Azərbaycan. Lider. Tərəqqi (MÜSAHİBƏ)

Mayın 7-də UNEC-də “Azərbaycan. Lider. Tərəqqi” mövzulu TEDxUNEC konfransı keçiriləcək.

Bakı. Mayın 7-də UNEC-də “Azərbaycan. Lider. Tərəqqi” mövzulu TEDxUNEC konfransı keçiriləcək. Konfransla bağlı UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun UNEC NEWS-a müsahibəsi - Dünyada böyük izləyici kütləsinə sahib TED təşkilatının müstəqil TEDx konfranslarında dinləyicilər nə qazanırlar? - 1984-cü ildə qurulan TED təşkilatı dünyanın bütün ölkələrində hər il minlərlə insana “paylaşmağa dəyər ideyalar” şüarı ilə müxtəlif konteksli yüzlərlə konfranslar keçirir. TED təşkilatı fərdlərin öz ölkələrində bu formatda müstəqil konfrans keçirməsi üçün TEDx konseptini yaratmışdır. TEDx konfransları sadəcə yeni fikirlərin paylaşıldığı mühit deyildir, burada səslənən təcrübələr, ilhamverici uğur hekayələri dinləyicilərə yeni motivasiya mənbəyi yaradır. - UNEC-də TEDx konfransları keçirilməsi hansı zərurətdən doğdu? - TEDx konfransların ən əsas hədəf kütləsi məhz, gənclərdir. Bu konfransları böyük maraqla izləyən, burdakı çıxışlardan ruhlananların da böyük əksəriyyəti məhz gənclərdir. Bu amili nəzərə alaraq, 2016 və 2017-cı illərdə TEDx konfranslarının təşkil olunması üçün lisenziya müraciəti etdim. İki həftə ərzində müraciətə baxıldı və lisenziya sahibi kimi tədbirin keçirilməsinə icazə verildi. - TEDx lisenziyasının alınması prosesi çətindirmi? Bura hər kəs müraciət edə bilərmi? - Öncəliklə bir məqamı qeyd edim ki, TED təşkilatı TEDx lisenziyasını qurumlara deyil, fərdi şəxslərə verir. Universitetlərdə təşkil olunan TEDx konfranslarına lisenziya tələbələr, fakültə nümayəndələri və ya inzibati heyət tərəfindən alına bilər. Bunun üçün TED təşkilatının rəsmi saytından qaydalarla tanış olub, online formada müraciət etmək kifayətdir. TEDx lisenziyası tamamilə ödənişsiz təqdim edilir. - TEDx konfranslarından iştirak haqqı hansı qayda ilə tənzimlənir? - Burada yanaşma birmənalı olaraq lisenziya sahibinə bağlıdır. Təşkilatçı universitetdə keçirilən TEDx konfransının təşkilati xərclərini öncədən müəyyən edərək bir büdcə formalaşdırır. Həmin büdcəyə uyğun olaraq da biletin qiymətini müəyyən edir. Burada TED təşkilatı “Təşkilatçılar üçün təlimat qaydaları”nda da qeyd etdiyi kimi, büdcə səlahiyyətləri təşkilatçıya verilir və təşkilatçı da burada tam müstəqil ola bilər. TEDx konfransları heç bir halda gəlir məqsədilə keçirilə bilməz və bütün gəlirlər təşkilati işlərə xərclənməlidir. Təlimatda o da qeyd edilmişdir ki, əlavə vəsait qalarsa, bu növbəti konfrans üçün ehtiyat olaraq saxlanmalıdır. TEDx UNEC konfransı ilk iki tədbirində universitetin sponsorluğu ilə ödənişsiz həyata keçirildi. Bu il isə bilet qiyməti 15 AZN müəyyən olundu, lakin alış qiyməti 10 qəpikdir və ödənişin 14 manat 90 qəpiyi isə UNEC-in sponsorluğu ilə qarşılanır. Simvolik ödəniş iştirakçıları müəyyən etmək üçün saxlanılmışdır.