Lənkəranlı bağban böyük ağacların bonsayını yetişdirir REPORTAJ VİDEO FOTO


Digərləri 22 Apr 2019 23:57:00 397 0

Lənkəranlı bağban böyük ağacların bonsayını yetişdirir  REPORTAJ  VİDEO  FOTO

Təbiəti ağacsız təsəvvür etmək mümkün deyil. Bu ağaclar yarpaqlarının növlərinə görə iynəyarpaqlı və enliyarpaqlı olurlar. Amma elə ağaclar da var ki, nəinki onu evin küncünə, hətta masanın üzərinə qoyuruq. El arasında buna cırtdan ağac adlanan "bonsay" (dibçəkdə ağac) deyirlər. Cırtdan ağac yetişdirmək sənəti sayılan bonsayla ölkəmizdə çox az bağban məşğul olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, vətəni Yaponiya və Çin olan bonsay inkişafını tamamlamış, lakin yarpaq və çiçəklənməsi baxımından böyük bir ağacın bütün xüsusiyyətlərini daşıyan miniatür bitki modelidir.

Azərbaycanda bonsay yetişdirən az sayda mütəxəssislərdən biri də Lənkəranda dekorativ gülçülük təsərrüfatı yaradan Faiq Axundovdur. İyirmi beş ildir bağında dekorativ güllər əkən Faiq Axundov 20 ildən çoxdur ki, bonsay ağaclar yetişdirir. Bağında saxsı qablarda yetişdirdiyi bu bitkilər təbiətdəki ağacların kiçik modelləridir: "Mənim yaratdığım bonsaylar müəyyən ağaclardan olur. Yemişan, dəmir ağacı, şümşad, Hirkan şümşadı, azot ağacı və nar ağaclarının bonsayını yetişdirmişəm".

İxtisasca bioloq olan Faiq Axundov növünə görə ağacların kiçik modellərini 4-10 il müddətinə əldə etməyin mümkün olduğunu deyir: "Təbiətdə hündürlüyü 20-30 metrə çatan ağacların saxsı qablarda boyu 20-40 santimetrdən çox olmur. Bonsaylar işıqlı və sərin yerdə saxlanılmalı, dibçəklərə su çilənərək nəmləndirilməlidir. Belə olduqda onlar nəsildən-nəslə ötürülə bilər".

Böyük zəhmət hesabına ərsəyə gələn ağaca qulluq etmək, xüsusən də onu vaxtlı-vaxtında budamaq lazımdır. Əvvəllər təsərrüfatına daha çox əcnəbi turistlərin və rəsmi qonaqların üz tutduğunu deyən bağban son illər yerli alıcıların da çoxaldığını bildirir. Onun gülçülük təsərrüfatına bonsay almaq üçün gələn alıcı Saleh Əzimov deyir ki, bu ağaclar haqqında məlumatı daha çox internetdən əldə edib: "Özüm lənkəranlıyam, Bakıda yaşayıram. Ağaclara, ümumiyyətlə, gülçülüyə böyük həvəsim var, çiçəkləri xoşlayıram. Əsasən də bonsay ağacları ilə maraqlanıram. Öyrəndim ki, Faiq müəllim bu işin ustasıdır, peşəkarıdır. Onun üçün Lənkərana gəlmişəm və fikrim var ki, birini ev üçün, birini də hədiyyə kimi alım".


Xəbərə aid fotolar