Saxta manatı əslindən necə fərqləndirək? FOTO


Digərləri 22 Apr 2019 22:08:00 319 0

Saxta manatı əslindən necə fərqləndirək?  FOTO

2018-ci ildə Azərbaycanda 1126 ədəd saxta pul nişanı tədavüldən çıxarılıb. Bu, 2017-ci ilin göstəricisindən 14,8 faiz azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

Qeyd olunub ki, 2017-ci ildə tədavüldə 1322 ədəd, 2019-cu ilin birinci rübündə isə 275 ədəd saxta əsginas aşkar edilib:

"Azərbaycan Respublikasının mövcud pul nişanları ölkə Prezidentinin müvafiq fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirləri çərçivəsində 2006-cı il yanvarın 1-dən tədavülə buraxılıb. Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq, bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması, istehsalı və saxtalaşdırmaya qarşı mübarizə sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı Mərkəzi bankları bu yeniliklərdən irəli gələrək, eləcə də pul nişanlarının saxtalaşdırılması ilə bağlı risklərin minimallaşdırılması tələblərini nəzərə alaraq, pulların dizaynının və mühafizə sistemlərinin yenilənməsini və daha yüksək standartlara uyğunlaşdırılmasını həyata keçirirlər".

Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək 10 manatlıq pul nişanının əsas dizayn elementlərini saxlamaqla mühafizə sistemlərinin təkmilləşdirilməsini və daha mütərəqqi texnoloji elementlərin tətbiqi yolu ilə yenilənməsini həyata keçirib. Belə yenilənmələr pul nişanlarının təhlükəsizliyinin gücləndirilməsində təsirli rol oynayır.

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılıb. Bu pul nişanının nümunəsində saxta əsginasları əslindən fərqləndirməyə imkan verən mühafizə elementlərini görmək olar.

Azərbaycan Mərkəzi Bankı dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyalar nəzərə alınmaqla, pul nişanlarımızın dizayn və mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

Əsginasın saxtasını düzəltməyin ən populyar yolu

Azərbaycanda saxta əsginasları daha çox skanerlərin, rəngli printer və kompüterlərin köməyi ilə düzəldirlər.

Saxta pul nişanının adi və ultrabənövşəyi işıq altında görüntüsü Mənbə: Azərbaycan Mərkəzi Bankı

Əsginasın saxtalaşdırılması üsulları sırasında həqiqi pul nişanının müxtəlif hissələrindən ibarət nümunənin yaradılmasına da rast gəlinir.


Xəbərə aid fotolar