Bu ilin 3 ayında 1858 borclu vergi ödəyicisinin ölkədən getmə hüququ məhdudlaşdırılıb


Digərləri 22 Apr 2019 15:55:00 191 0

Bu ilin 3 ayında 1858 borclu vergi ödəyicisinin ölkədən getmə hüququ məhdudlaşdırılıb

2019-cu ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib

Bakı. Vergilər Nazirliyi dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması sahəsində fəaliyyətini davam etdirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib, proqnoza 110,4% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5% və ya 236,4 milyon manat çox vəsait toplanıb. Ödənilən vergilərin 30,9%-i neft-qaz sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3% təşkil edib. Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib. 2019-cu ilin 1-ci rübündə regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çox olub. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların həcmi daha böyük həcmdə 40,4% artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1%-ə yüksəlib. 2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Cari ilin 1-ci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8%, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3% icra olunub. 2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25.536 (3.270 hüquqi şəxs, 22.266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb.