İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur


Digərləri 22 Apr 2019 15:29:00 211 0

İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Son.az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi ilə bağlı, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandıran iftira və böhtan dolu, həqiqətə uyğun olmayan məqalə dərc edilib:

"Əvvəla inhisarşılığın nə olduğunu bilməyən yazı müəllifinin diqqətinə çatdırırıq ki, bu gün istənilən şəxs ölkəyə avtomobil gətirə bilər və burda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. O ki qaldı ölkəyə idxal edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı ödənilən vergi və rüsumlara, Dövlət Gömrük Komitəsi bildirir ki, ödənilən vergi və rüsumlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 500 saylı qərarı ilə tənzimlənir.

Bu barədə mövcud qanunvericilik və nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi proseduru Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində aydın şəkildə izah edilib. Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı səsləndirilən əsassız iddialara gəlincə, bir daha qeyd edək ki, Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.

Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s.) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur və bu barədə Komitə ictimaiyyət üçün dəfələrlə açıqlamalar yayımlayıb.