Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutulub (FOTO)


Digərləri 22 Apr 2019 10:03:00 168 0

Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutulub (FOTO)

Paytaxtın Nizami rayonunda baş vermiş qətl hadisəsini törətmiş şəxslər saxlanılıblar

Bakı. Polis və prokuroroluq orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış və istintaq hərəkətləri tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib. DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.