Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı Uğur hekayəsi FOTO


Digərləri 21 Apr 2019 21:10:00 273 0

Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı  Uğur hekayəsi  FOTO

Uğur Ağamalıyev: "İnsan məşğul olduğu hər işdə təşəbbüskarlıq göstərməli və başqalarından asılı olmaqdan yayınmalıdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Pozitiv, məqsədli, tələbkar, işini sevən cərrahdır. Düşünür ki, bu dünyada birinə deyilə biləcək ən gözəl cümlə "səni sevirəm" deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik"dir. Çünki bu iki cümlə xəstələrə xoşbəxtlik, həyat verir.

Müsahibimiz Almaniyanın ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında işləyə yeganə azərbaycanlı Uğur Ağamalıyevdir.

28 yaşı var. Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub və Beyləqan şəhərində böyüyüb. Ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində alıb. 2014-cü ildə universiteti bitirdikdən sonra Almaniyanın Mannheim Tibb Fakültəsinin Cərrahiyyə Klinikasında doktorantura təhsilinə başlayır. Müsahibimiz orada elmi tədqiqatlarını yekunlaşdıraraq, Almaniyanın ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında assistent həkim kimi işləyir. Həmsöhbətimiz burada çalışan bir neçə xarici həkimdən biri və yeganə azərbaycanlıdır. Bu müddət ərzində onun beynəlxalq jurnallarda 4 elmi məqaləsi də çap olunub.

- Uğur bəy, həkimlik peşəsi təsadüfi seçilmir. Nə üçün həkim olmaq istədiniz?

- 5-6-cı sinifdən etibarən həkim olmaq istəyirdim. O vaxt həm də peşəkar şəkildə şahmatla məşğul olurdum. Amma sonda tibbi seçdim. Açığı, hazırlıq vaxtı həkim olmaqdan daha çox, bir məqsəd kimi ön planda 4-cü qrupa hazırlaşmaq və 600-dən çox bal toplamaq dayanırdı. Çünki həkimliyin yolu da elə buradan keçirdi. İndi də, abituriyentlərdən soruşulan ilk sual "hansı sahəyə marağın var?" deyil, "neçənci qrupa hazırlaşırsan?" olur. Məndə də elə idi. Məqsədimə çatdım. 601 bal toplayaraq ATU-ya qəbul oldum və əynimdə ağ xalat universitetin qarşısında dayandım.

- Çalışdığınız klinikada yeganə azərbaycanlısınız. Başqa bir ölkədə tək olmaq necə hissdir?

- Bizim klinikada təxminən 40-a yaxın assistent həkim işləyir. Onlar arasında Almaniyadan kənarda doğulub-böyüyən, tibb təhsilini burada almayan tək mənəm. Düşünürəm ki, kliniki təcrübəm və indiyədək nəşr edilən elmi məqalələrim onlarla mənim aramdakı böyük bir uçurumun qarşısını alır. Amma 2-3 il əvvəl istər aradakı dil baryerinə, istərsə də təhsil və səhiyyə sistemindəki fərqlərə görə müəyyən çətinliklər olurdu. Təsəvvür edin, xəstədən anamnez topladığınız zaman, xəstə dialektlə danışır və ya hansısa bir bitkiyə allergiyası olduğunu deyir. Amma siz xəstəni başa düşməkdə çətinlik çəkirsiniz. Ya da, alman həmkarlarım hansısa bir müğənnidən, 10-15 il əvvəl baş vermiş tarixi hadisədən və yaxud da uşaqlıq vaxtı izlədikləri hansısa bir cizgi filmindən danışdıqları zaman, söhbətdə aktiv iştirak etmək elə də asan olmurdu. Hazırda gün ərzində əksər hallarda 12-13 saat birlikdə işləməyimizə baxmayaraq, işdən kənar müzakirələrə elə də çox vaxt olmur.

- Alman dilini kursa getmədən öyrənmisiniz.

- Bəli, alman dilini Mannheimda olarkən fərdi şəkildə, heç bir kursda iştirak etmədən öyrənmişəm. Hazırlıq kurslarının qiyməti çox baha olduğundan, elektron vəsaitlərlə, youtube-da videolar izləyərək bir il ərzində dili öyrəndim və həkim işləmək üçün tələb edilən imtahandan uğurla keçdim. Məncə, hər işdə, eləcə də dil öyrənməkdə ən əsası, müntəzəm şəkildə hazırlaşmaqdır. Gün ərzində bəzən 15 dəqiqəlik olsa belə, arada uzun fasilələr vermədən, hər gün məşğul olmaq lazımdır.   - Beynəlxalq elmi jurnallarda 4 elmi məqaləniz çap edilib. Bəs elmi tədqiqat apardığınız müddətdə hansısa çətinliklərlə qarşılaşmısınızmı?

- Mannheimda tədqiqat qrupunun apardığı elmi layihəyə qoşuldum. Azərbaycanda olduğum müddət ərzində elmi tədqiqatla məşğul olmadığımdan, burada hər şey mənim üçün yeni idi. Bundan əlavə, o vaxt mənə verilən elmi layihədən də, belə desək "gözüm su içmirdi". Layihənin ortaya qoyduğu sual və tədqiqat müddətində aldığım nəticələr məni qane etmirdi deyə, elmi rəhbərimlə dəfələrlə müzakirələr edirdim. Amma, görünür təcrübəsiz olduğumdan, mənə sadəcə, tədqiqata davam etməyi məsləhət görürdülər. Təxminən 8-9 ay sonra bütün nəticələri müzakirə edəndə aydın oldu ki, doğrudan da ürəkaçan deyil. Sonda hamı tədqiqatlar üçün çəkilən xərcə görə təəssüfləndi. Halbuki, mən bəzən gecə saatlarına qədər laboratoriyada tədqiqatlar aparır, zamanımın böyük hissəsini buna xərcləyirdim. Daha sonra özüm elmi ədəbiyyatı araşdıraraq ortaya elmi bir sual qoydum və o haqda yeni bir layihəyə başladım. Və düzünü deyim ki, elmi işlərim içində ən uğurlusu da o oldu. Həmin mövzu haqda "Avropa Cərrahiyyə Tədqiqatı" jurnalında elmi məqaləm dərc olundu. O hadisədən sonra əmin oldum ki, elmi işdə insanın öz təşəbbüskarlığı böyük rol oyanır, nəinki robot kimi sənə tapşırılan tapşırıqları yerinə yetirmək. Məncə, insan məşğul olduğu hər işdə təşəbbüskarlıq göstərməli və başqalarından asılı olmaqdan yayınmalıdır.

- Bir statusunuzda araşdırmanızın nəticəsinə görə, atanıza təşəkkür etdiyinizi bildirirsiniz. Ailənizin təhsilinizdə rolu nədir?

- Təhsilimdə də, şahmat karyeramda da ailəmin rolu çox böyükdür. Mənə şahmatı atam öyrədib. Amma qısa müddət sonra atama qalib gəlməyə başladım və o da məndəki həvəsi görüb şahmat məktəbinə yazdırdı. İlk müəllimələrim iki cavan qız idi. Bir neçə həftədən sonra onlara da qalib gəldim deyə, atam məni rayonda tanınmış şahmat müəllimi Vilayət Quliyevin yanına göndərdi. Açığı, onun da həmin vaxtı tələbələri çox idi, bir neçə dəfə xahiş-minnətdən sonra məni hazırlaşdırmağa razılaşmışdı. Atam həm o vaxt, həm də şahmat turnirlərində iştirakım üçün mənə çox dəstək olub. Bəzi ailələrdə, uşaq "3-4" alanda evdə müzakirəyə səbəb olurdusa, mən bir həftə hansısa fəndən "5" almayanda sorğu-sual edirdilər ki, niyə qiymət almıram. Anam da biologiya müəlliməsi olduğu üçün mənimlə həm biologiya, həm də digər fənlərlə bağlı məşğul olurdu. Amma bu tələbkarlıq yalnız təhsil barəsində olmayıb. Lap 5-6 yaşımdan getdiyim çox toylarda mənə söz verilirdi və mən C.Novruzun "Dünya" şeirini deyirdim. Düşünürəm bu, həmin dövrdə mənim özgüvənimə müsbət təsir edib.

- "Bu dünyada birinə deyilə biləcək ən gözəl cümlə "səni sevirəm" deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik" deməkdir demisiniz.


Xəbərə aid fotolar