M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib


Digərləri 21 Apr 2019 15:59:00 240 0

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib

Aprelin 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2019-2020-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə "Açıq qapı" günü keçirilib. Tədbirə 700-dən çox şagird qatılıb.

Son.az Trend-ə istinadən bildirir ki, tədbiri açan Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, professor Yuri Sadovniçi "Açıq qapı" günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Bakı filialı əgər 2008-ci ildə üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. Tədris 2012-ci ildən əsasən Bakı filialının Xocasəndə yerləşən mükəmməl kampusunda aparılır. Burada tələbələrin təhsil alması, eləcə də istirahəti üçün hər cür şərait yaradılıb. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Bakalavr səviyyəsini bitirənlər, həmçinin burada magistratura təhsili ala bilərlər. Təhsilin magistratura səviyyəsi filialda yeni olan fizika fakültəsi istisna olmaqla, digər fakültələrin hamısında var. Fizika fakültəsində də magistratura perspektivi olacaq. On bir il ərzində Bakı filialı xeyli genişlənib. Ümumilikdə, 600-dən çox məzun bu müddət ərzində MDU-nun diplomunu alıb. Onlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar. Məzunlar Bakı filialında bilik qazandıqlarından çox razıdırlar.

Mart ayında Rusiyanın paytaxtında M.V.Lomonosov adına MDU-da "Universitetlər və bəşəriyyətin gələcəyi" mövzusunda keçirilmiş forumda rektor, akademik Viktor Sadovniçinin müasir dövrün çağırışlarından rəqəmsallaşma, ekologiya, beyin, kosmosla bağlı məsələləri qeyd etdiyini xatırladan professor Yuri Sadovniçi bu sahələrlə bağlı universitetdə yüksək səviyyədə tədris aparıldığını, Bakı filialının MDU-nun müvafiq fakültələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Vurğulayıb ki, Bakı filialının komandası Moskvaya gedərək kosmik peykin buraxılması müsabiqəsində iştirak edib və layiqli yer tutub.

Diqqətə çatdırılıb ki, Bakı filialında tədris M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir.

Qəbul komissiyasının məsul katibi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda buraxılış imtahanı ilə bağlı dəyişikliyə müvafiq olaraq MDU-nun Bakı filialı qəbulla bağlı bəzi tələblərdə dəyişiklik edilib. Qəbulla bağlı bütün məlumatlar M.V.Lomonosov adına MDU-nun Bakı filialının http://msu.az/ saytında yerləşdirilib. Əgər abituriyentin, ümumiyyətlə, M.V.Lomonosov adına MDU ilə bağlı müəyyən sualları varsa, onların cavabını M.V.Lomonosov adına MDU-nun Mərkəzi Qəbul Komissiyasının http://cpk.msu.ru/ saytından öyrənə bilər.

MDU-nun Bakı filialında həm dövlət sifarişi, həm də ödəniş əsasında təhsil almaq mümkündür. 2019-2020-ci tədris ilində qəbul planında filologiya fakültəsində cəmi 33 - dövlət sifarişi əsasında 30 yer (o cümlədən "Rus dili və ədəbiyyatı" tədris proqramı üzrə 10, "Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı" tədris proqramı, ingilis və italyan dilləri üzrə 20) və 3 ödənişli yer ("Rus dili və ədəbiyyatı" üzrə 1, "Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı", ingilis və italyan dilləri üzrə 2) nəzərdə tutulub. Tətbiqi riyaziyyat fakültəsində 26 yer (25-i dövlət sifarişi, 1-i ödənişli), kimya fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli), psixologiya fakültəsində 30 yer (25-i dövlət sifarişli, 5-i ödənişli), fizika fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb. İqtisadiyyat fakültəsində cəmi 27 yer - dövlət sifarişli 25 yer (iqtisadiyyat üzrə 13, menecment üzrə 12) və 2 ödənişli yer (1 iqtisadiyyat, 1 menecment) ayrılıb. Qəbul imtahanları iyulun 5-dən 11-dək keçiriləcək. MDU-nun Bakı filialının saytında imtahan qrafiki təqdim edilib.

Magistraturaya 5 fakültə üzrə qəbul aparılacaq. Filologiya fakültəsi üzrə cəmi 13 yer - dövlət sifarişi əsasında 10 (o cümlədən rus dili üzrə 3, ingilis dili üzrə 4, italyan dili üzrə 3), ödənişli 3 yer (rus dili, ingilis dili və italyan dilinin hər biri üzrə 1 yer) ayrılıb. Tətbiqi riyaziyyat fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-ödənişli), kimya fakültəsində cəmi 7 yer - 6-sı dövlət sifarişli (o cümlədən üzvi kimya, fiziki kimya və neft kimyası təhsil proqramları üzrə hər birinə 2 yer), 1-i ödənişli (qeyd olunan təhsil proqramlarından birinə), psixologiya fakültəsində 14 yer - 12-si dövlət sifarişli (o cümlədən psixoloji inkişaf proqramı üzrə 6, "Koqnitiv və emosional pozulma proseslərində klinik-psixoloji reabilitasiya" proqramı üzrə 6 yer ) və 2-si ödənişli (qeyd olunan müvafiq proqramların hər birinə 1 yer) nəzərdə tutulur. İqtisadiyyat fakültəsində cəmi 12 yer ayrılıb. Bu yerlərdən 10-u dövlət sifarişli ("Beynəlxalq biznes" proqramı üzrə), 2-si ödənişlidir. Magistraturaya imtahanlar iyunun 14-də və 17-də keçiriləcək.

Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Həmçinin əvvəllər pulsuz təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən (mayın 12-si və ya 19-u) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə azı 150 bal toplamaq tələb olunur.

Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir neçə tədris proqramı varsa, bütün istiqamətlər üzrə ərizə vermək mümkündür. Eyni zamanda, prioriteti göstərmək lazımdır. Qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza - FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında (http://dim.gov.az/) doldurula bilər. Bakalavrlar üçün qeydiyyat mayın 29-dan iyunun 28-dək, magistratura üçün qeydiyyat mayın 7-dən iyunun 10-dək aparılır. Sualı olanlar [email protected] ünvanına yaza bilərlər.

Dövlət büdcəsi hesabına artıq təhsil almış Azərbaycan vətəndaşları, əvvəllər pulsuz təhsil almış və Azərbaycanda daimi yaşayan əcnəbilər MDU-nun Bakı filialında ödənişli əsasla təhsil ala bilərlər.


Xəbərə aid fotolar