Ötən günlər yağan intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb


Digərləri 21 Apr 2019 11:00:00 209 0

Ötən günlər yağan intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. Samir Əli - Çaylarda suyun səviyyəsi dəyişib. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində yağan intensiv yağış nəticəsində əksər çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın olmaqla 60-100 faizini təşkil edir. Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 480 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 65 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 440 kub/s olmaqla, ongünlük normadan az olub.