NotrDam: əfsanə maddi ziyandan daha


Digərləri 20 Apr 2019 23:35:00 226 0

NotrDam: əfsanə maddi ziyandan daha

"Le Monde" qəzetinin müxbiri Xavyer Kava-Topor (Xavier Kawa-Topor) yazır ki, yanan təkcə tarixi abidə deyil, Paris Notr-dam kilsəsidir. Bu böyük kilsə qotik incəsənət şedevri, Fransa tarixinin şahididir. 15 aprel yanğını nəticəsində qismən dağılan bu tikili "kilsə" deyiləndə ağlı ilk gələn binadır. Tarixçi Jak Le Qoffun (Jacques Le Goff) söylədiyi kimi, bu Orta Əsrlər incisi uzun tarixi yoldan keçib, bir çox dəyişikliyə məruz qalıb, bu zaman böyük ictimai, rəmzi əhəmiyyətini qoruyub saxlayıb, hamı üçün inam və hisslərin əsas mərkəzi olaraq qalıb. Yanğının Fransanın paytaxtı və bütün dünyada səbəb olduğu emosional reaksiya da bunu təsdiqləyir.

Le Qoff "Orta Əsrlərin qəhrəmanları və möcüzələri" ("Héros et merveilles du Moyen Age") kitabında yazır: "Kilsə əbədi görünür, tarix boyu bu qədər dəyişiklikdən keçən çox az tikili var". Bu cür binaların tarixçəsi divarlarının yaşından daha böyükdür.

Məqalədə deyilir ki, Notr-dam kilsəsi təkcə orta əsrlər Fransasında şəhərlərin və iqtisadiyyatın çiçəklənməsinin nəticəsi olmayıb, abidə eyni zamanda qreqorian islahatları fonunda yepiskopun rolunun yenidən nəzərdən keçirilməsinin şahidi olub. Dini, iqtisadi və memarlıq çoşqusu fonunda şəhərlərdə öz ölçüləri ilə heyrətə salan daha əzəmətli və hündür binalar tikilib. Beləliklə, kilsənin rəmzi gücü o cümlədən onun zaman və məkandakı yeri ilə də əlaqəlidir.   

Notr-dam kilsəsinin tarixində baş verən böyük hadisələr onun milli simvolizminin saxlanmasından, hətta güclənməsindən xəbər verir. Tikili Böyük Fransa İnqilabından sonra bir müddət İdrak Məbədinə çevrilib, XIX və XX əsrlər boyu böyük tədbirlərə - 1804-cü ildə I Napoleonun tacqoyma mərasimi, 1944-cü ildə Parisin azad edilməsi ilə bağlı bayram tədbirləri, prezidentlər Adolf Tyer (Adolphe Thiers), Sadi Karno (Sadi Carnot),Şarl de Qoll (Charles de Gaulle), Jorj Pompidu (Georges Pompidou), Fransua Mitteranın (François Mitterrand) dəfn mərasimlərinə şahidlik edib. Nəhayət, bu bina Reyms və Sen-Deni kilsələlərinin kral hakimiyyətinin müqəddəslik simvollarını kölgədə qoyub.