Şeri Şmeltserin hekayəsi


Digərləri 20 Apr 2019 21:25:00 189 0

Şeri Şmeltserin hekayəsi

10 il əvvəl Şeri Şmeltser (Sheri Schmelzer) 40 yaşlı evdar qadın idi və onun bütün qayğıları evi, üç uşağı ətrafında cərəyan edirdi. Lakin sıxıntı, ətalət qadına üstün gəlir və Şmeltser özünə, uşaqlarına yeni əyləncə tapmaq fikrinə düşür.

Son.az xpressa.net-ə istinadən bildirir ki, onun diqqətini çoxsaylı ailə üzvlərinə məxsus "Crocs" şirkətinin rezin çəkələkləri cəlb edir. Yəqin, hamınız Misirin geniş çimərliklərində, Türkiyədəki hövuzlarda bu deşikli, gülməli çəkələklərə rast gəlmisiniz. Yapışqan və straz daşlarla silahlanan Şmeltser bu deşikləri doldurmağa başlayır və yaratdığı dizaynlar getdikcə daha da mürəkkəbləşir.

2005-ci ildə həyat yoldaşı əl işi bəzəkləri üçün sayt yaratmağı təklif etdikdən sonra cütlük "Jibbitz" şirkətini təsis edir. Yeni naxışların möhkəmliyini təmin edəcək və modifikasiya edilmiş "crocs"-ların alıcılarını qane edəcək yeni materialları seçmək üçün 10 cəhd lazım olub.

"Oturduq və ailə şurası keçirdik - bunu əsl biznesə çevirmək istəyirikmi? Həmin vaxt ödənilməyən kreditimiz var idi və biz qərar verməli idik - məhsulumuza o qədər inanırıqmı? Bəli. Bunu istəyirikmi? Bəli. Əgər heç nə alınmasaydı, onda özümüzə belə təsəlli verə bilərdik ki, öz işimizə inandıq və əlimizdən gələni etdik".

2006-cı ilin avqustuna kimi "Crocs" üçün aksessuarların satışı 2,2 milyon dollara çatır. Lakin hər şey elə də asan olmayıb - Şerri başlanğıcda sutkada demək olar 24 saat işləməli olub, belə ki, uşaqlara qulluq etməklə yanaşı, əllə düzəltdiyi çoxsaylı sifarişləri də vaxtında çatdırmalı olub. Öz məhsullarını təbliğ etmək üçün Şmeltserlər biznes-plan yazmaq və reklam yerləşdirmək məcburiyyətində qalmayıblar. Bunun əvəzinə onlar birbaşa mağazalara müraciət edir, öz məhsullarını göstərir və insanlara zəng edirdilər.