İqbal Babayev: Yaxın vaxtlarda gömrük sistemində vətəndaş-məmur təması tamamilə ləğv ediləcək (FOTO)


Digərləri 20 Apr 2019 17:21:45 236 0

İqbal Babayev: Yaxın vaxtlarda gömrük sistemində vətəndaş-məmur təması tamamilə ləğv ediləcək (FOTO)

Gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransı keçirilib

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Doing Business hesabatının “Sərhəddə Ticarət” adlı göstəricisi üzrə gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransı keçirilib. İİTKM-in departament rəhbəri Nicat Hacızadə Prezident İlham Əliyevin biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə ümumi məlumatlar təqdim edib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev çıxış edərək gömrük sistemində son dövrlərdə tətbiq edilən yeniliklərlə bağlı məlumat verib. Komitə sədrinin müavini bildirib ki, ötən il 185 ölkə ilə ticarət əlaqələri qurulub və xarici ticarət iştirakçılarının sayı 25 123 olub ki, bu da 2017-ci illə müqayisədə 156 % artım deməkdir. Bunlardan 7392-si hüquqi, 17731-i fiziki şəxslərdir. 2017-ci ilə nisbətən ötən il bu rəqəm hüquqi şəxslər üçün 122 %, fiziki şəxslər üçün isə 176 faiz artıb. “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqindən sonra idxal-ixrac əməliyyatları zamanı daşınan yüklərin miqdarında da ciddi artım müşahidə edilib. Belə ki, 2018-ci ilin 1 fevral-15 aprel tarixlərində qeyri-neft sektoru üzrə daşınan yüklərin miqdarı ixracda 67 min, idxalda 177 min ton təşkil edirdisə, cari ilin müvafiq dövründə bu rəqəm ixracda 130 min, idxalda 207 min tona yüksəlib. İ.Babayev onu da bildirib ki, DGK yaxın vaxtlarda 2-ci islahatlar paketini həyata keçirəcək ki, bu da beynəlxalq ticarətin və sərhədkeçmə proseslərinin daha da asanlaşmasına, şəffaflığın tam təmin olunmasına münbit şərait yaradacaq. Komitə sədrinin müavini vurğulayıb ki, indiyə qədər gömrük orqanları vətəndaş-məmur təmasını minimuma endirməyi hədəfləyirdisə 2-ci islahatlar paketinin icrası zamanı əsas məqsədlərdən biri gömrük sistemində vətəndaş-məmur təmasının tamamilə ləğv edilməsi, bütün əməliyyatların elektron qaydada gömrük orqanına gəlmədən həyata keçirilməsidir. Daha sonra gömrük orqanları qarşısında müəyyənləşdirilən vəzifələrin icrası ilə bağlı ticarətin asanlaşdırılması, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə və sənədləşmə proseslərinə sərf edilən vaxtın və vəsaitin azaldılması, “Yaşıl dəhliz” buraxılış sistemi, gömrük əməliyyatlarının elektronlaşdırılmasına dair təqdimat nümayiş etdirilib. Təqdimatı Dövlət Gömrük Komitəsinin şöbə rəisi Rövşən Namazov edib.