Körpəsi olan valideynlərə çağırış: "O qidaların nə ucuzuna aldanın, nə də bahasına"


Digərləri 20 Apr 2019 15:24:00 268 0

Körpəsi olan valideynlərə çağırış: "O qidaların nə ucuzuna aldanın, nə də bahasına"

Azərbaycanda "Malyutka-2" əmtəə nişanlı uşaq qidasının içindən yad cisim aşkarlanması "ana südü, yoxsa süni uşaq qidası" mövzusunun bir müzakirəyə çıxmasına səbəb oldu. Bəzi vətəndaşların iddiasına görə, bahalı uşaq qidaları ucuz uşaq qidalarına nisbətən keyfiyyətlidir. Maraqlıdır, həqiqətən də bahalı qidalar ana südünü əvəz edəcək qədər keyfiyyətlidirmi?

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı bu sual mütəxəssislərdən cavab almağa çalışıb.

Pediatr Günay Rəsulova pasientlərə ana südündən istifadə etməyi məsləhət görür: "Ana südünü heç bir uşaq qidası əvəz edə bilmir. Bu haqda tez-tez maarifləndirmə xarakterli layihələr və tədbirlər də həyata keçiririk".

Mütəxəssis əlavə edib ki, bəzən hər hansı problemdən uşağa ana südü bəs eləmir: "Məsələn, uşaq düzgün əmə bilmir, anada süd az olur və sair. Bu səbəblərdən də körpə doymur, normal çəkisini ala bilmir. Buna görə də məcbur olaraq süni uşaq yeməklərindən istifadə etməli oluruq. Amma valideynlərə də dəfələrlə deyirik ki, uşaqları əsas ana südü ilə qidalandırmaq lazımdır".

Pediatr Xəyalə Quliyeva da bildirib ki, heç bir süni qida ana südünü əvəz edə bilməz: "Ümumiyyətlə, "yaxşı uşaq qidası" deyilən bir anlayış yoxdur. Bəzən valideynlər düşünürlər ki, bahalı uşaq qidaları daha keyfiyyətlidir. Elə deyil. İstər baha, istərsə də ucuz uşaq qidalarının tərkibi, demək olar ki, eynidir. 50 manatlıq uşaq qidaları ilə 20 manatlıq uşaq qidasının tərkibində elə də fərq yoxdur".

"Biz valideynlərə də daim məsləhət görürük ki, körpələrini 6 aya kimi ancaq ana südü ilə qidalandırsınlar. 6 aydan sonra isə əlavə qidalara yavaş-yavaş keçmək lazımdır. Pürelər, şorbalar, sıyıqlar hazırlayıb uşağı qidalandırmaq lazımdır" - deyə pediatr əlavə edib.