2019cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 99 faizdən çox icra olunub


Digərləri 19 Apr 2019 15:21:00 203 0

2019cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 99 faizdən çox icra olunub

2019-cu ilin birinci rübündə Azərbaycan dövlət büdcəsinin mədaxili 5439,7 milyon manat, xərcləri 5035,9 milyon manat olub, 403,8 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən Son.az-a verilən məlumata görə, 2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5439,7 milyon manat və ya 99,1 faiz icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz çoxdur. Həmin vəsaitin 69,1 faizi və yaxud 1155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2019-cu ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1014,1 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 93,8 milyon manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 43,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 dəfə və yaxud 22,3 milyon manat çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 2615,0 milyon manat vəsait transfert edilib.

2019-cu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və yaxud 5035,9 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 627,9 milyon manat və ya 14,2 faiz çoxdur.