Vilayət Hacıyev: Avropa mifini özümüz yaratmışıq, özümüz də dağıtmalıyıq


Digərləri 19 Apr 2019 14:00:16 163 0

Vilayət Hacıyev: Avropa mifini özümüz yaratmışıq, özümüz də dağıtmalıyıq

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyevin müsahibəsini təqdim edir:

Bakı. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyevin müsahibəsini təqdim edir: – Əvvəlcə Fransanın Strasburq şəhərində çap olunan Azərbaycan ədəbiyyatı antologiyasının qazandığı uğurlar münasibəti ilə sizi təbrik edirik. Antologiya ideyası necə yarandı? Niyə məhz fransız dili, niyə məhz Strasburq? – Təşəkkür edirəm, bu, hamımızın uğurudur, ədəbiyyatımızın uğurudur. Onu da deyim ki, ideya təzə deyil. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətindəki prioritet vəzifələrdən biri, bəlkə də birincisi – dünya ədəbiyyatının Azərbaycan dilinə keyfiyyətli tərcüməsi və nəşri ilə bərabər, milli ədəbiyyatımızın beynəlxalq aləmdə tanıdılması və təbliğidir. Mərkəz dörd il ərzində bu istiqamətdə xeyli işlər görüb. Ədəbiyyatımız müxtəlif dillərə tərcümə olunaraq, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Gürcüstan, Misir, Ukrayna, Belarus kimi ölkələrdə nəşr edilib, geniş təqdimat mərasimləri keçirilib, kitablar ölkələrin mərkəzi kitabxanalarıına və universitetlərinə yerləşdirilib. Fransada işıq üzü görən bu antologiya da həmin genişmiqyaslı beynəlxalq nəşr layihələrinin davamıdır və bu iş, şübhəsiz ki, gələcəkdə də prioritet olaraq, davam etdiriləcək. O ki, qaldı onun niyə məhz fransız dilində çap olunmasına, özünüz də bilirsiniz ki, ingilis, alman, fransız və ispan dilləri dünyanın aparıcı dilləri hesab olunur və dediyim kimi, bu layihə artıq ingilis və alman dillərində həyata keçirilib, bir ispan dili qalıb ki, o da yaxın zamanlarda reallaşacaq. – Əsərlərin seçimi hansı prinsiplərlə aparılır? – Seçim Mərkəzin Elmi Şurasının qərarına əsasən aparılır və burada heç bir subyektivlikdən söhbət gedə bilməz. Çalışırıq ki, ədəbiyyatımızın klassik dövründən bu günə kimi əsas spektrlər əhatə olunsun. Ancaq özünüz də bilirsiniz ki, bu spektrləri müxtəlif nəsillərin bədii təxəyyül süzgəcindən keçdiyi səbəbindən rəngarəngdir və hamısını 400–500 səhifəlik kitaba yerləşdirmək mümkün deyil. Odur ki, hamının, müxtəlif dillərdə çap olunan bütün antologiyalarda yer almaması təbii qarşılanmalıdır. Burada təqdim olunan əsərlərin, necə deyərlər, tərcüməyə “gəlib-gəlməməsi”, tərcümənin uğurlu olub-olmaması, kitabın çap olunduğu ölkənin oxucusunda maraq yaradıb-yaratmaması və ən əsası, xarici naşirin əsər seçimi böyük rol oynayır. Unutmaq olmaz ki, nəşriyyatlar, xüsusilə də xarici nəşriyyatlar öz nüfuzuna daha çox önəm verir və belə olan halda bu işi zorla kiminsə boynuna qoymaq olmur. Məsələn, dəfələrlə olub ki, tərcüməsini göndərdiyimiz hekayələr nəşriyyat tərəfindən çox nəzakətlə: “ölkə oxucusu üçün maraq kəsb etməyəcək” bildirişi ilə mündəricatdan çıxarılıb. Ancaq bütün bu çətinliklərə baxmayaraq, biz çalışırıq ki, antologiyalarda bütün nəsillər təmsil olunsun. – Tərcümə işini necə təşkil etdiniz? Bizdə fransız dilinə çevirməyi bacaran yaxşı tərcüməçilər var demək. – Ədəbiyyatımızın beynəlxalq aləmdə təbliği və yayılması işində ən yaralı yerimizə toxundunuz. Düzdür, xarici dillərdən ana dilimizə çevirən peşəkar tərcüməçilərimiz, az da olsa, var, ancaq təəssüf ki, Azərbaycan dilindən xarici dillərə tərcümə edənlər barədə bu sözləri hələ ki, demək olmur. Əslində, bədii tərcüməni dil daşıyıcısı, üstəlik mütləq bədii mətnlə işləmək səriştəsi olan mütəxəssis öz ana dilinə tərcümə etməlidir. Çünki burada söhbət, hər hansı dili bilməkdən, həmin dildə danışmaqdan deyil, dili, ədəbi mətni hansı səviyyədə duymaqdan gedir. Lakin oturub gözləmək də olmaz ki, nə vaxtsa bədii təxəyyülə sahib olan hansı əcnəbisə ədəbiyyatımızı öz dilinə çevirəcək. İndiki halda biz nəşriyyat vasitəsilə Fransada yaşayan azərbaycanlıların köməyindən istifadə etdik. Onlar da fransız redaktorla bu işin öhdəsindən gəldilər. Onu da deyim ki, tərcümə mətnləri hazır olandan sonra onları, dil daşıyıcıları da daxil olmaqla, bir neçə ekspertə göndərdik, müsbət rəy aldıqdan sonra kitabın çapına icazə verdik. Mərkəzin, beynəlxalq nəşr layihələri istiqamətində iş prinsipi budur. – Kitabın təqdimat mərasiminin təşkili necə həyata keçirildi? – Təqdimat mərasimini nəşriyyatla bir yerdə keçirdik. Bu işdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olan Fəxrəddin İsmayılovun köməyini xüsusi qeyd etmək istərdim. Şuranın rəsmi saytında təqdimat haqqında məlumat da yerləşdirilmişdi, nəşriyyat da öz tərəfindən böyük işlər görmüşdü. Təqdimatın Strasburqun mərkəzində, “Kleber” kitab evində keçirilməsi də çox şey demək idi. “Kleber” elə bir məkandır ki, dünyanın ən tanınmış yazıçı və şairlərinin, o cümlədən Nobel mükafatçılarının kitablarının təqdimatı, oxucularla görüşü burada keçirilir. – Bu cür mütərəqqi ideyaların reallaşması üçün çoxmu vəsait tələb olunur? – Əlbəttə. Bilirsiniz ki, tərcümə, ələlxüsus da bədii tərcümə nə qədər bahalı bir fəaliyyət sahəsidir. Avropada, eləcə də digər ölkələrdə bədii tərcümənin bir səhifəsi 30 ABŞ dollarından başlayaraq artır. Bu gün bu layihələrin yüksək səviyyədə həyata keçirilməsinin arxasında sözsüz ki, Azərbaycan dövləti, onun bu işə diqqət və qayğısı dayanır. – Sizcə, niyə indiyədək, müstəqilliyin bu 25 ilində belə hadisə olmadı? Burda o qədər də çətin bir iş yoxmuş demək. – Mən deməzdim ki, asandır. Ancaq bununla belə, istək lazımdır. İstək güclü, niyyət saf olanda hər şey etmək mümkündür. Bütün hallarda maddi vəsait heç də hər şeyi həll etmir. – Bəzən Avropanı əlahiddə, əlçatmaz bir zona elan edənlər olur. Strasburq Universitetinin filologiya fakültəsinin dekanının kitab haqqında, kitabda gedən konkret hekayələr haqqında yüksək fikirlər söyləməsi bu mifi dağıda bildimi?