Ekspert: "AXCP və Müsavat yeni siyasi partiya ifraz etmək gücünü də tam itirdikləri üçün intriqalar burulğanına düşüblər"


Siyasət 19 Apr 2019 13:31:00 264 0

Ekspert: "AXCP və Müsavat yeni siyasi partiya ifraz etmək gücünü də tam itirdikləri üçün intriqalar burulğanına düşüblər"

"Bu gün ölkədə fəaliyyət göstərən radikal müxalifət partiyalarının dərin tənəzzülə uğradığı heç kimə sirr deyil".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bunun əlamətlərindən biri də həmin partiyalar tərəfindən üzvlər üçün saxta mühacirət sənədlərinin hazırlandığını sübut edən faktların artmasıdır:

"Bu partiyaların mərkəzi qərargahlarında qalmış beş-üç nəfər saxta sənəd düzəltməyi həm özləri üçün gəlir mənbəyinə çevirir, həm guya Azərbaycanda onların təqiblərə məruz qalması görüntüsünü yaradır, həm də müəyyən beynəlxalq dairələrin diqqətini Azərbaycan hakimiyyətinin üzərinə çəkmək istəyirlər. Bu günlərdə hətta Almaniyada saxta mühacirət sənədləri ilə gəlmiş bir neçə şəxsə qarşı cinayət işi açılması, bəzilərinin ölkədən deportasiya edilməsi xəbərlərinin yayılması təsadüf deyil. Bu faktlar radikal partiyaların - Müsavat, AXCP və digərlərinin cəmiyyətdən və xaricdən hər cür dəstək vasitələrini itirdiklərinə əyani sübutdur. Saxta mühacirət sənədlərinin satılması onların iflasının son görüntüsüdür".

A.Quliyev qeyd edib ki, 1992-1993-cü illərdə hakimiyyətdə olmuş və iflasa uğramış Azərbaycan Xalq Cəbhəsi ilə birbaşa bağlı olan və özünü onun varisləri sayan siyasi partiyalar indi tənəzzülün son mərhələsini böyük sürətlə keçirməkdədir:

"Bu gün AXCP və Müsavat özlərini radikal düşərgənin ən güclü və perspektivli siyasi partiyaları hesab etsələr də, reallıq tam əksinədir. 1992-1993-cü illərdə hakimiyyətdə olanda da, bütün sonrakı dövrlərdə də öz aralarında antaqonist ziddiyyət və intriqalar yaşayan bu iki partiya illər boyu ayrı-ayrılıqda hakimiyyətə doğru yürüdüklərini zənn etsələr də, əslində bir-birinə paralel iki ayrı yolla öz tarixi iflas sonluqlarına doğru gediblər. Bu gün Müsavat Partiyasında baş verənlər eynilə AXCP-dəki iflas proseslərinin başqa bir formada təzahürü olmaqla buna sübutdur. Bir neçə il öncə hər iki partiyadan müəyyən qruplar ayrılaraq özlərini yeni siyasi partiyalar kimi elan etdilər və bu proses onların dağılmasının ilk böyük mərhələsi idi".

Onun sözlərinə görə, AXCP və Müsavat indi elə bir həddə çatıb ki, özlərindən yeni siyasi partiya ifraz etmək gücünü də tam itirdikləri üçün fərdlər arasında, iki-ikiyə intriqalar burulğanına düşüblər: "Konkret adlar çəkmədən də bu gün Müsavatdakı ikitərəfli çəkişmələrin necə kəskinləşdiyini hər kəs görür. Xüsusilə Müsavat Partiyasının daha çoxsaylı ikitərəfli çəkişmələrə meydan olmasının çox unikal səbəbləri var. Heç bir hakimiyyət perspektivinin olmadığını, hər gün zəiflədiyini, özünü lider sayan şəxslərlə sıravi üzvlər arasında xüsusi qabiliyyət fərqlərinin qalmadığını bütün müsavatçılar görür. Bu amillər partiya üzvlərinin bir-biri ilə toqquşmasının əsas səbəbidir. AXCP və Müsavat rəhbərlikləri bu prosesi guya hakimiyyətin oyunları kimi təqdim etsə də, əslində Müsavatın da, AXCP-nin də dağılması onların öz siyasətləri və daxillərindəki inamsızlıqlarla bağlıdır".

Ekspertin fikrincə, AXCP və Müsavat rəhbərlərinin böyük səhvlərindən biri də odur ki, onlar SSRİ dağılandan sonrakı müvəqqəti xaosdan istifadə edərək respublikalarda hakimiyyəti zəbt etmiş qrupların heç birinin sonradan hakimiyyətə qayıda bilmədiyini başa düşmək istəmədilər: "Müşahidələr göstərir ki, toqquşan sıravi partiya üzvləri bu həqiqəti artıq anlayıblar və başa düşüblər ki, xalq Azərbaycanda təsadüfi qüvvələrin hakimiyyətə gəlməsinə bir daha imkan verməyəcək. Müsavat və AXCP-nin dağılması qarşısıalınmaz prosesdir. Hər iki partiyadakı çəkişmələri bu məntiqlə izah etmək ən doğru yoldur".