Zakir Həsənov qırıcı təyyarələri yoxladı, hərbi pilotlara konkret tapşırıqlar verdi


Digərləri 19 Apr 2019 10:09:00 257 0

Zakir Həsənov qırıcı təyyarələri yoxladı, hərbi pilotlara konkret tapşırıqlar verdi

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Aprelin 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Aviasiya təmiri zavodunda olub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub. Nazir aviasiya vasitələrinin hazırlığı, aqreqatların cari təmiri və reqlament işlərinin gedişi ilə maraqlanıb.

Sonra Müdafiə naziri HHQ-nin MiQ-29 qırıcı təyyarələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib.

General-polkovnik Z.Həsənov mərkəzin aviasiya mühəndisləri, aviasiya silahları, uçuşların idarəolunması və təhlili siniflərində olub, hərbi pilotların hazırlıq məşqlərini izləyib və müvafiq tapşırılar verib. Müdafiə nazirinə məruzə olunub ki, burada quraşdırılmış simulyasiya qurğuları eyni vaxtda iki və ya dörd təyyarənin uçuşunu təmin etməyə imkan verir.


Xəbərə aid fotolar