Yüzlərlə qadınla eşq yaşayan,


Digərləri 18 Apr 2019 12:04:00 234 0

Yüzlərlə qadınla eşq yaşayan,

Rep deyəndə ağlınıza kimlər gəlir? Damarında qan yerinə kokain dövr edən, dilindən küçə söyüşləri düşməyən qaradərililərin klanı? İndi təsəvvür edin ki, o qaradərilinin anası yəhudidir. Təbii ki, çox oxumaqdan gözlərini optik şüşələr bəzəyəcək. Təbii ki, musiqi ilə yanaşı ehtiyat peşələri də olacaq. Təbii ki, pullarını yığmağa çuval tapmayacaq. Təbii ki, adı Dreyk olacaq.

Son.az publika.az-a istinadlla dünyaca məşhur reperlə bağlı yazını təqdim edir:

Dreyki bütün hip-hop tarixinin ən uğurlu reperi adlandırırlar. Bilirsiniz də, uğur artdıqca düşmənlərin, rəqiblərin də sayı çoxalır. Qəhrəmanımı sevməyən reperlər iddia edirlər ki, mahnılarını da, sözlərini də özü yazmır. Ona ən çox tikan batıran isə Pusha T adlı repçidir. Bu iki şəxs arasında odlu savaş gedir. Pusha dəfələrlə sosial hesabında Dreykə "duel" elan edib. Məsələn, yeniyetmə vaxtı üzünə qara rəng sürtüb çəkdirdiyi fotonu paylaşaraq reperi irqçilikdə günahlandırmışdı. Dreyk isə cavab olaraq öz atasının da qaradərili olduğunu və bu şəkili çəkdirərkən gənc afroamerikalıların üzləşdiyi problemlərə diqqət yönəltmək istədiyini bildirmişdi. Qarşı tərəf bununla da sakitləşməyib musiqiçinin fransalı pornoaktrisadan nikahdan kənar oğlunun olduğunu yazır, hətta qızla evlənməyi tələb edirdi (soruşan lazımdır, əmin qızıdır?)

Xülasə, ilk günlər Dreyk Sofi Brüsso adlı halal süd əmməmiş pornoaktrisanı aborta vadar etsə də, bir müddət sonra körpəni qəbul edir. Amma 1 ildən çox Adonis adlı varisini hər kəsdən gizlədir. Sonra isə publikaya açıqlama verərək, atalığın çox gözəl duyğu olduğunu bildirir. Sadəcə əvvəllər anasının bu hadisəyə bildirəcəyi mövqedən ehtiyat etdiyini deyir.

"Anam həyatımdakı bütün qızları şəxsən tanıyıb. Təbii ki, onların birinin mənə övlad bəxş etməsini çox istəyər. Problem odur ki, Sofi ilə şəxsi tanışlığı yoxdur. Oğlum çox gözəldir, onun mavi gözləri var. Artıq üzməyə də başlayıb. Ata olandan sonra hər iki valideynimin əziyyətini daha yaxşı anlamağa başlamışam. Övladımın anasına da böyük sevgi və hörmət bəsləyirəm. Amma oğlumun mənimlə yaşamasını istərdim".

1986-cı ilin 24 oktyabrında Kanadanın Toronto şəhərində afroamerikalı Dennis Qremlə yəhudi Sandra Şerin mulat körpəsi doğulur. Adını Obri Dreyk qoyurlar. Dennis dövrünün bir çox əfsanələri ilə əməkdaşlıq etmiş musiqiçi idi, amma... Təəccüblü deyil ki, onu gözləyən parlaq karyerasını narkotikə qurban verib həbs edilir.

Zindandan qayıdandan sonra həyat yoldaşına bu halın təkrarlanmayacağına dair söz versə də andına sadiq qalmır. Azadlıqda olduğu müddət ərzində oğlunun yaradıcı inkişafını öz üzərinə götürür, elmi tədrisi ilə isə Sandra məşğul olur. Sandra özü ingilis dili müəllimi idi, oğlunu Torontonun ən qədim yəhudi məktəbinə vermişdi. Üstəlik dini ayinləri gerçəkləşdirməsi üçün də böyük səy göstərirdi.

Ərinin narkotikə olan sevgisi Sandranın tək ruhunu yox, sümüklərini də incidirdi. Əsəb və stressdən revmatoid artrit xəstəliyinə tutulan qadının bəzən ayaqları sızıldayır, hətta hərəkət edə bilmirdi.

5 yaşına çatanda valideynləri boşanır. Dennis yenidən bir müddət zon həyatına qayıdır. Sandra isə oğlu ilə birgə xırda biznesi olan qardaşının yanına köçür. Müdrik ana oğlunun xarakterinə və bacarığına tam əmin idi. Onu ən yaxşı məktəblərə, dərnəklərə yazdırırdı. xokkey, step, baletlə də məşğul olurdu. Anası övladının iradəsinə də güvənirdi. Odur ki, yay tətillərini atası ilə birgə Memfisdə keçirməyinə mane olmurdu. Sandra bilirdi ki, Dennisin "ağ ölüm" vərdişi Dreykə təsir edə bilməz. Memfis tətilləri Obrinin notlar üzərində yazılan gələcəyini çizirdi. Atası oğluna musiqi məhəbbəti, sənət sevgisi aşılayırdı. Dreykin yaradıcılıq ocağı Dennisin yanında alovlanırdı.

Təhsil müddətində Obri həm irqi, həm də dini mənsubiyyətinə görə dəfələrlə bullinq qurbanı olub. Hətta bu səbəbdən dəfələrlə məktəb dəyişib. Sonda təngə gəlib təhsillə vidalaşıb. Mənəvi terrora məruz qalan Dreyk yalnız 2012-ci ildə təhsilini tamamlaya bilib.

Dreyk yaradıcılıq yoluna aktyor kimi başlayıb. 15 yaşı olanda dostunun atası ilə tanış olub, seriallarda rol almağa başlayır. İdman karyerası isə bir güllənin qurbanı olur. Məktəb toplantılarının birində sinif yoldaşı odlu silahdan kürəyinə atəş açır. Onurğa sütunu elə zədələnir ki, əlil arabası ayaqlarına çevrilir. Həkimlər artıq gəzməyəcəyini desələr də, möcüzə baş verir. Görünür, Dreyk bütün dinlərdən uzaq Tanrının planlarını gerçəkləşdirmək üçün ona ayaq üstə lazım idi.

Oğlu sağalandan sonra Sandra ayaqlarından əlini üzür. Obri bütün serial təkliflərini qəbul edərək, evə pul gətirmək məcburiyyətində idi. Odur ki, öz sözlərinə görə aktyorluq fəaliyyətini yaradıcılıq saymaq doğru olmazdı.

Dreyk deyir ki, musiqi onun qanındadır. Atası Cerri Li kimi əfsanə ilə birgə çalışıb. Nənəsi isə soul ulduzu Areta Franklinin dayəsi olub.

Atasının tövsiyəsinə əməl edən Dreyk 2006-cı ildə musiqi karyerasına başlayır. Bir az zərif, hətta lirik təbiətli nə ağ, nə də qara gənc rep söyləməkdən çox oxumağa önəm verirdi. O, sənətlə özbaşınalıq arasındakı incə sərhədi çox gözəl duyur və keçməməyə çalışırdı.

2006-cı ildə Jay Z-nin replərindən ilhamlanan Dreyk bir-birinin ardınca kompozisiyalar yazdırır. Disk hazır olandan sonra ilk müddətdə 6 min nüsxəsi satılır.


Xəbərə aid fotolar