Psixoloq: “Qadınlar kişilərə pul qabı kimi baxır, kişilər isə qadınları görəndə...”


Digərləri 18 Apr 2019 11:51:00 377 0

Psixoloq: “Qadınlar kişilərə pul qabı kimi baxır, kişilər isə qadınları görəndə...”

Psixoloq Aytən Ələkbərova Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik. 

- Aytən xanım, son günlərin ən çox müzakirə olunan mövzularından biri intiharlardır.  İnsanları intiharlara sürükləyən səbəblər çoxdur. Zaman keçdikcə, texnologiya inkişaf etdikcə, insanlar da sanki iradəsizləşir. Texnolji inkişafın paralelində bizi intihara təşviq edən səbəblər nədir? 

- Hazırda səbəblərdən ən əsası stresslərdir. Bu stresslərin içərisində bizə dayanmadan təsir edəni informativ stresslərdir. İnformativ stresslərin yaranması insanları intihara aparır. İndi vəziyyət elədir ki, insanlar intiharla sanki "qaçdı-tutdu" oynayırlar. Bəziləri asanlıqla tapılmağı, ölümləri ilə gündəmə gəlməyi də istəyirlər. Özünü öldürənlər içərisində kamillik dövründə olanlar da, cahillər də, yeniyetmələr də var. Yeniyetmələr bizim ən həssas yerimizdir. İndi məktəb psixoloqları məktəbdə olacaq bir hadisəni araşdırmadan, məsələyə səthi yanaşırlar. Bu, məni çox narahat edir. 

- İntiharda rol oynayan "aktyorlar" var - cəmiyyət, ailə, yaxın ətraf. Daha çox hansının üzərinə məsuliyyət düşür?

- Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideyn az da olsa, öz övladına qonşu gözü ilə baxsa, övladının səhvlərini daha aydın sezə biləcək və düz yol göstərəcək. Yəni biz necə başqasının övladına qonşu gözü ilə baxırıq, səhvlərini görürük. Yox, əgər səthi yanaşılsa, problemlər ortaya çıxacaq.

Bəzən də olur ki, cəmiyyət içərisində olan ailələrdə də problemlər çıxır. Ayrı-seçkilik və valideynin "işim var, işə getməliyəm" deyərək yanaşması uşaqların kənarda qalmasına gətirib çıxarır. 

- Müasir dövrdə, çox pul qazanmaq lazımdır ki, valideynlər də uşaqlarına daha yaxşı təhsil verə bilsinlər. Pul qazanırıq, amma onu da düşünmürük ki, uşağa az vaxt ayırırıq. Bir məsələ də var ki, uşağa vaxt ayıranda da qazanc azalacaq. Yaxşı, bu çıxılmaz vəziyyətin həll düsturu nədir? 

- Bunlar bir bəhanə deyil ki, pul qazanıram deyə, övladımla maraqlanmayım. Gün ərzində valideynlərin övladlarına ayıra biləcək boş zamanları olur. Eyni zamanda da evə gedəndən sonra ayıracaq vaxt var. Valideynlər övladlarını dinləyərək, onun problemlərinin bütün səbəblərini ortaya çıxara bilər. Hər valideynin özü bir psixoloqdur.

Dəfələrlə olub ki, biz təhsil ocaqlarına müraciət etmişik. Elə məktəb direktorları olub ki, buna seviniblər. Elələri də olub ki, təhsil idarəsinin icazəsi olmadan bizi içəri buraxa bilməyəcəklərini deyiblər. Bir şeyi də düşünmək lazımdır ki, biz məktəblərdə psixoloji seminarlar keçməklə hansısa təmənna güdmürük. 

- Televiziya verilişlərinin, proqramlarının də formatı günü-gündən dəyişir. Multfilmlərdə də müəyyən subliminal mesajlar ötürülür və bundan başqa, uşaqlar erkən informasiya alırlar. Yaşından əvvəl informasiya almaq cəmiyyət olaraq bizi inkişafamı aparır? 

- Yaşından əvvəl alınan informasiyanın mütləq şəkildə izahı lazımdır. Fərz edək ki, uşaqlar müəyyən şeyləri öyrənmək istəyirlər. Gəlin təhsildən nümunə gətirək. Kurikulum sisteminə görə, uşaq 6-cı sinifdə mayalanmanın nədən ibarət olmasını dərsdə keçir. Ancaq onu dərk etmir. Şagirdin mayalanmanı dərk etməsi üçün həm valideyn, həm də müəllim o mövzunun üzərində çox ciddi dayanmalıdır. İlkəl cinsi terapiyanı, cinsi tərbiyəni oradan başlamalıdır. Cinsi tərbiyə deyərkən qara-qura şeylər düşünməməliyik. Biz su içərkən qara düşünə bilərikmi?! Xeyr. Su içmək kimi cinsi terapiya da bir tələbatdır. Biz bunu uşaqlara sağlam şəkildə çatdırsaq və övladlarla sağlam münasibətlər qurulsa, gələcəkdə yaranacaq hər hansı problemin qarşısını ala bilərik.

Bu məsələdə bizim trendimiz SSRİ zamanında çəkilən Azərbaycan filmləri olmalıdır. O kinolarda gözəl tərbiyə də verilir, valideynə hörmət də aşılanır. Sevgi münasibətlərinin qurulmasından tutmuş, ictimai qınağa qədər bütün mövzuları əhatə edən filmlərimiz var. İctimai qınaqlar həmişə olub. Sadəcə olaraq, indi informasiyanın bolluğundan ictimai qınaq bədənimizə düşmüş xərçəng kimi tez şaxələnir.

- İctimai qınaq bəzi məsələlərdə çox lazımlıdır və problemi aradan qaldırır. Ancaq bəzi məqamlarda problem, fəlakət yaradır. Bu mənada necə deyə bilərik ki, ictimai qınaq həmişə lazımdır? 

- Bizi cəmiyyətin mənfi ağuşuna atan başımıza gələn hadisələr yox, bu hadisələrin ətrafında olan danışıqlar, dedi-qodulardır. Belə bir deyim var - balacalar danışır, böyüklər danışılır. Bu danışılmalar bizi həm dağın başına qaldırır, həm də dağın başından bir saniyədə yerə çırpır, param-parça edir. Artıq biz bu çiliklənən şüşəni emala da versək, onun bərpası uzun bir vaxt aparır. Biz itirməyi də bacarmırıq, bölüşməyi də. Övladlarımıza bölüşməyi başa salsaq, bu qədər çətinlik çəkmərik. Qarşımıza çıxan maneələri aşmaq üçün həm eqomuz, həm də ətraf problemlər yaradır. Sizə bir misal çəkim: son günlər 3 lüt qızın videosu Azərbaycanda rezonans doğurdu. Hansı birimiz dedik ki, bəlkə o qızlarla söhbət edək, onları doğru yola çəkək. Bunun əvəzinə ancaq qınaqlar səsləndi. Düşünmürük ki, hamı fərddir və hər fərdin də özünün bioloji xüsusiyyətləri var.

Problemin qarşısını vaxtında almırıq. Gözləyirik ki, nəsə başımıza gəlsin, ondan sonra hər kəs bizi danlasın. Bu zaman çalışırıq ki, özümüzə haqq qazandıraq. 

- Abituriyenlər üçün ali məktəblərə qəbul imtahanları keçiriləcək. Ən çox psixoloji problem yaşanan ərəfələrdir. Bu haqda da danışmanızı istərdim. 

- Oğlum imtahan verirdi, onu gözləyirdik. Bir də gördük ki, bir qızın ürəyi getdi. Onu qucaqladım, avtomobilimə apardım. Mənə dedi ki, anasının əziyyətini yerə salıb. Deməli, imtahan vaxtı, sualları cavablandırıb. Yanındakından nəsə soruşanda kağız yerə düşüb. Kağızı götürərkən, içəri girən nəzarətçi qızın harayına, yalvarmağına baxmayaraq onu imtahandan qovub.

Qız mənə "xala, mən nəzarətçinin ayaqlarına yıxıldım. Dedim ki, oxuyan uşağam. Amma məni imtahandan qovdu" dedi. Nəzarətçilər o qıza kömək edə bilməzdimi? Əlbəttə ki, edə bilərdilər. Amma biz onu rahatlıqla intihara yönəldirik. 

- Siz dediyiniz işin əxlaqi və vicdan tərəfidir. Amma məsələnin qanun və intizam tərəfi də var. Sizə elə gəlmirmi ki, qanun  tərəfdən də nəzarətçi vicdanlı davranıb?

- Ən azından xəbərdarlıq edilməli idi ki, həmin qız qaydaları pozur. Bu xəbərdarlıq olmadan imtahan vərəqini əlindən almaq düzgün deyil. Qayda-qanun mütləqdir, amma qəbul imtahanlarında nəzarətçiləri də psixoloq olmalıdır. Çüni psixoloqlar ani şəraitdə yaranacaq stressin qarşısını ala bilirlər. 

- Valideynlər istəyir ki, övladı, məsələn, Hüquq fakültəsinə qəbul olsun. Amma abituriyentin yığdığı bal az olur və politologiyaya düşür. Bu zaman da valideynin deyinməsinə görə uşaqlarda qorxu yaranır. İndi isə elə bir dövrdür ki, vəzifədə olmadan da yaxşı pul qazanmaq olur. Niyə hələ də vəzifəyə meyllilik girovluğundan qurtula bilməmişik? 

- Çünki biz özümüz olmağı bacarmırıq. Biz publika üçün işləyirik. Dərhal kimin nə deyəcəyini düşünürük. 

- Mövzunu dəyişək. Hamımız fərd kimi atılmaq qorxusundan əziyyət çəkirik. Atılmaq qorxusu qadınlarda çoxdur, yoxsa kişilərdə? 

- Qısqanc insanlarda daha çoxdur. İnsan sevdiyini bölüşmək istəmir, bu, qısqanclıqdır. Amma bunun dərin sindromları tərk edilmək qorxusudur. Kişilərdə çox olur, buna Otello sindromu deyirlər. Özünə, əqidəsinə, məntiqinə, ruhi durumuna güvənən bir kişi niyə dərin qısqanclıq sindromu yaşamalıdır? Biri var, desin ki, filan şeyi geyinmə, başqasının baxmasını istəmirəm. Bu, başadüşüləndir. Amma biri də var ki, paylaşdığı hissi də qısqanır. "Sən kimi düşünürdün ki, mənə bu istiliyi göstərdin?" deyir. Bu, artıq patalogiyadır, itirmək qorxusudur.

Qadınların da içərisində belələri var. Qadınlar var ki, evlərində üzərinə düşən hər şeyi edirlər. Amma əri ondan uzaqlaşır. Bəs niyə belə olur? Heç kim düşünmür ki, ruhlar bir-birini tapmalıdır. Ruhlar bir-birini tapmasa, mümkün deyil. 

- Bəs niyə xəyanətlərin sayı çoxalıb? 

- Baxırıq ki, kiminsə anası normaldır. "Necə ola bilər ki, anası normal olan birinin belə övladı olsun?". Bu sualı veririk. Amma gəlin baxaq görək, atası normalmı olub? Ata qonşu arvadını görüb, onun namusuna şər atmamalıdır. Qonşu tək salam verib, gülər üzlə danışıb, bu o demək deyil ki, sabah onun haqqında başqa şeylər düşünülsün. Həmin bu xəstə təfəkkür, onun əxlaqlı xanımının olmasına baxmayaraq, cəmiyyətə əxlaqsız qızı təqdim edir.

- Alovlu sevgi nə zaman külə dönür? 

- Sevgi, aşiq olmaq, çox istəmək, bağlanmaq tamamilə ayrı-ayrı şeylərdir. Elələri var ki, sadəcə pafosla "sevirəm" deyir. Amma içərisində bağlandığı başqa bir dostu da ola bilir. Bir də baxır ki, bağlandığı dostuna aşiq olub. Bəzən də elə dost ola bilər ki, onu çox istəyir və heç kimlə bölüşə bilmir. Gəlib sevdiyi qız və ya oğlan haqda da ona danışanda, baxır ki, çox istəməyin nəticəsində bəy-gəlin kürsüsündə özləri oturub. Qarşı tərəf bu zaman düşünür ki, dostu ona xəyanət etdi.

İnsanlar dost olarkən bir-birini dinləyir. Sevgili olanda, sevəndə isə bir-birini dinləmir, əksinə hirslənir. "Sən eləsən, sən beləsən", "sən vicdansızsan, gözümün qabağında başqasına baxdın" deyirlər. Qarşı tərəfdəkini dinləmək istəmir. Bununla da effektiv ünsiyyətin olmaması iki bağı bir-birindən uzaqlaşdırır və məsafə verir.

Elə sevgilər var ki, məsələn, biri Bakıdadır, biri Şəkidə. Buna baxmayaraq sevgilərini o qədər gözəl qoruya bilirlər ki! Onlar bir-birinə dost kimi yanaşaraq, hisslərini, problemlərini məsafədən bölüşə bilirlər. Və mümkün deyil ki, əqidəsi olan bunu poza bilsin.

Deyək ki, kişilərin təbiəti başqa cürdür. Elə tələblər var ki, xanımlar kişilərə o "icazəni" verir və buna göz yuma bilir. Amma belə halın qadınlarda olmasını mental düşüncələrə görə, kənarda saxlayırıq. 

- Yəni, kişinin xəyanətinə haqq qazandırmaq olar?

- Mən xəyanətə tamamilə "yox" deyirəm. Haqq qazandırmaq olmaz. Sadəcə olaraq o söhbətin üstünə getməmək lazımdır. Tutaq ki, kişi Bakıdadır, xanımı da uzun müddətdir ki, rayondadır. Qadın da, kişi də, sağında və solunda bir-birini görməyi bacarmalıdır. Xəyanət hər kəsin vicdanının məhsuludur. Hər kəs özü qəşəng bilir ki, xəyanət nədir. Ona qalsa, kişi də, qadın da gözü ilə xəyanət edir. Baxıb "bu nə qəşəng qızdır," bu nə yaraşıqlı, xarizmatik oğlandır" deyirlər. Bununla da həmin adamı xəyalında canlandırır. 


Xəbərə aid fotolar