Tikintisinə icazə verilən obyektlərin sayı açıqlandı


Digərləri 18 Apr 2019 11:50:00 241 0

Tikintisinə icazə verilən obyektlərin sayı açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib.

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, konfrans ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasının “bir pəncərə” prinsipi əsasında elektron formada müraciət qaydası və bu sistemin əhəmiyyətinə həsr edilib. İİTKM-in analitiki Nərmin Kazımlı bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu cənab Prezident tərəfindən 2018-ci il dekabr ayı ərzində keçirilən kompleks biznes islahatlarının tərkib hissəsi olaraq tikinti üçün icazələrin alınması sahəsində vahid yanaşma prinsipinin təmin edilməsi, bu sahədə rəqamsallaşmanın və şəffaflığın artırılması istiqamətində bir çox işlər görüb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud KİV nümayəndələrinə yeni elektron sistemin işləmə mexanizmi barədə məlumat verib. Qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarı sadələşdirilib. Fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə şamil edilir. Bu məqsədlə Dövlət Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə elektron sistem hazırlanıb. Sistemin əhəmiyyəti bəzi tikinti obyeklərinin tikintisi və istismarına icazə alınması zamanı prosesin, əlavə vaxt itirilmədən, daha sürətli və şəffaf formada icrasına şərait yaratmaqdır. Belə ki, sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb. Həmçinin bildirilib ki, hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.