Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb


Digərləri 18 Apr 2019 11:48:00 270 0

Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, sənədə əsasən KOBİA, Maliyyə Bazarlarına Nəzarət Palatası və ABA KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi üçün birgə əməkdaşlıq edəcəklər. Tərəflər həmçinin, KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətlərində birgə tədbirlər reallaşdıracaqlar.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi Agentlik üçün prioritet məsələlərdəndir. Bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçiriləcək layihələr və tədbirlər KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsində, bu sahədə birgə müzakirələrin aparılmasında və KOB-ların maliyyə savadlılığının artırılmasında əhəmiyyətli olacaqdır.


Xəbərə aid fotolar