Azərbaycan Premyer Liqasında XXV tura start verilir


İdman 18 Apr 2019 10:16:00 226 0

Azərbaycan Premyer Liqasında XXV tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Goal.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Səbail”i qəbul edəcək. Komandalar fərqli hədəflər uğrunda mübarizə aparsalar da, hər ikisinə qələbə lazımdır. Hazırda 35 xalla 3-cü pillədə qərarlaşan qonaqlar mükafatçılar sırasında mövqeyini qorumaq istəyirsə, 20 xala malik “Sumqayıt” 7-ci yerdədir və elitada qalmaq üçün çarpışır.

Ötən tur “Neftçi” ilə 2:2-lik bərabərə qaldıqları görüşdə qələbəni 90+5-ci dəqiqədə buraxdığı qolla əldən verən “Səbail” səfər matçına ciddi itki ilə çıxacaq. Komandanın əsas qapıçısı Aleksandr Rıbka “ağ-qaralar”la oyun başa çatandan sonra qırmızı vərəqə aldığı üçün cəzalı durumdadır. “Sumqayıt”ın heyətlə bağlı ciddi problemi olmasa da, baş məşqçi Ayxan Abbasov daha çox aprelin 23-də Azərbaycan Kubokunda “Zirə”yə qarşı evdə keçirəcəkləri ilk yarımfinal görüşü barədə düşünür.

“Sumqayıt” və “Səbail” indiyə qədər 7 dəfə qarşılaşıblar. Bunlardan 3-də qalib gələn meydan sahibləri, 2 dueldən məğlub ayrılıb. Cari mövsümdə bu komandaların ilk 3 oyunundan sonuncusu qolsuz heç-heçə ilə yekunlaşıb. “Səbail” 2, rəqibi isə 1 cavabsız qolla qalib gəlib.

Günün digər matçı 54 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ”la 19 xalla son sırada yer alan “Keşlə” arasında olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun aşkar favoriti ağdamlılardır.

Bu komandalar cari mövsümdə 5 dəfə qarşılaşıblar. Oyunlardan 3-ü Premyer Liqaya, 2-i isə Azərbaycan Kubokuna təsadüf edib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv rəqibini kubokda mübarizədən kənarlaşdırdığı halda (1:0, 1:1), çempionatda da 2 dəfə məğlub edib (1:1, 5:1, 1:0). “Qarabağ” və “Keşlə” milli çempionatlarda indiyə qədər 58 dəfə üz-üzə gəliblər. Bunlardan 26-da qalib gələn ağdamlılar, 13 görüşdən məğlub ayrılıblar.

Qeyd edək ki, XXV tura apelin 19-da keçiriləcək “Qəbələ” – “Zirə” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası

XXV tur

8 aprel (cümə axşamı)

16:45. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Kapital Bank Arena”

İlk üç dövrə - 0:2, 1:0, 0:0

 

19:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk üç dövrə - 1:1, 5:1, 1:0