Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans başa çatıb (FOTO)


Digərləri 18 Apr 2019 00:38:37 199 0

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans başa çatıb (FOTO)

Konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsi üçün əlverişli şərait yaradıb.

Bakı. Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işini başa çatdırıb. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd edib. Bildirilib ki, bu mübarizənin bütün iştirakçıları uğur qazanmaq üçün yüksək əzmkarlıq və güclü həmrəylik nümayiş etdirməlidirlər. Bu prosesdə yaxşı əlaqələndirilmiş fəaliyyət, düşünülmüş proqram və strategiyaların hazırlanması və uğurla reallaşdırılması vacib əhəmiyyət daşıyır. DEA öz fəaliyyətində məhz bu prinsiplərin həyata keçirilməsinə çalışır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdıran Uttam Dillon DEA-nın bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla və ölkələrlə fəal əməkdaşlıq etdiyini deyib. O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq qeyd edib ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi. DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bəşəriyyəti narahat edən başlıca problemlərdən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirib. S.Mehdiyev vurğulayıb ki, bu gün dünyada qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi bu sahədə peşəkar olan mütəşəkkil qruplar tərəfindən həyata keçirildiyi üçün ona qarşı mübarizə olduqca çətindir. Ona görə də aidiyyəti qurumlar və dövlətlər fəal informasiya və təcrübə mübadiləsi aparmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı, cəmiyyətdə geniş maarifləndirmə işi həyata keçirilməlidir. Bu mübarizədə yalnız birgə fəaliyyət və sıx əməkdaşlıq şəraitində qalib gəlmək mümkündür. Bakı konfransının da ən böyük əhəmiyyəti burada məhz beynəlxalq əməkdaşlığın, təcrübə və informasiya mübadiləsinin önəminin diqqət mərkəzində saxlanmasıdır. Mötəbər konfransın ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlarına və bilavasitə dəstəyinə görə dövlətimizin başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirən S.Mehdiyev qeyd edib ki, bu tədbirin ölkəmiz üçün əhəmiyyətini artıran ən mühüm amillərdən biri də dünyanın 115 ölkəsindən gəlmiş əcnəbi qonaqların Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, dünyaya örnək təşkil edən multikultural ənənələri ilə tanış olmaq imkanıdır. S.Mehdiyev çıxışının sonunda konfransın Bakıda keçirilməsi təşəbbüsünə görə DEA-ya, eləcə də tədbirin təşkilində zəhmət olan qurumlara və şəxslərə minnətdarlığını ifadə edib.