Bu rayonda yaşı 100ü keçmiş 20dən çox sakin var REPORTAJ VİDEO FOTO


Digərləri 17 Apr 2019 21:07:00 214 0

Bu rayonda yaşı 100ü keçmiş 20dən çox sakin var  REPORTAJ  VİDEO  FOTO

Son illər ölkəmizdə demoqrafik göstəricilər müsbətə doğru dəyişib, əhali sayında artım qeydə alınıb. Bu günlərdə ölkə əhalisinin sayının 10 milyon nəfərə çatması da bunu sübut edir. Demoqrafik vəziyyət Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən ucqar rayonlarda da müsbətə doğru dəyişib. Uzunömrülülər diyarı olan Lerik rayonunu buna misal gətirə bilərik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfalı təbiəti, əsrarəngiz mənzərələri, təbii nemətləri ilə tanınan Lerikə səfər edənlər bu yerlərdən xoş təəssüratlarla ayrılırlar. İnsan bu yerlərdə özlərini daha gümrah və sağlam hiss edirlər. Elə bunun nəticəsidir ki, rayonda uzunömürlülərin sayı da çoxdur. Ucqar dağ rayonu olan Lerikdə sağlam, uzun ömür sürməyin təməli hələ uşaq dünyaya gələn dövrdən qoyulur.

Bu ilin ilk üç ayında Lerikdə 217 körpə dünyaya gəlib

Yeni doğulan körpələrin vaxtaşırı müayinəsinə, həkim nəzarətində olmasına xüsusi diqqət yetirilir. Lerik Rayon Mərkəzi Xəstəxanasının baş pediatrı Etibar Həşimov deyir ki, rayonda yeni doğulan körpələr mütəmadi müayinədən keçirilir: "Bu ilin 1 rübündə Lerikdə 217 körpə dünyaya gəlib. Bunun 51,2 faizi oğlan, 48,8 faizi isə qızlar olub. Keçən il müvafiq dövründə isə 212 uşaq doğulmuşdu. Göründüyü kimi, doğuşda artım müşahidə olunur. Son 10 ildə rayonumuzda 12 min 582 doğulub. Hər ay isə Lerikdə dünyaya orta hesabla 70-80 uşaq gəlir".

Hazırda Lerikin ən uzunömürlü sakini 105 yaşlı Raci İbrahimovadır

Rayonda yaşı 100-ü keçmiş 20-dən çox sakin yaşayır. 1991-ci ildə Lerikdə dünyada ilk olan Uzunömürlülər Muzeyi yaradılıb. İki ekspozisiyadan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alır. Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva bildirir ki, hazırda Lerikin ən uzunömürlü sakini Raci İbrahimovadır: "Raci nənə 1914-cü ildə anadan olub. Digər uzunömürlü isə Əliabad kəndində yaşayan 1915-ci il təvəllüdlü Gülənbər Səlimovadır. Rayonun Cəngəmiran kəndində də yaşı 100-ü keçmiş Məmmədxan kişi yaşayır".

Dilarə xanım, həmçinin bildirdi ki, muzeyə yerli turistlərlə yanaşı, çoxlu sayda xarici qonaq da gəlir. Muzeyi İordaniyanın, İsrailin, Belçikanın və Fransanın səfirləri də ziyarət edib. "Bundan başqa, muzeyimizə Rusiyanın bir çox bölgələrindən, Türkiyə, Ukrayna və Almaniyadan gələnlər də olub. Onları heyran edən buranın sakinlərini milli geyimləri, adət-ənənələrə bağlılığı və təbii qidalara üstünlük vermələridir", - deyə o vurğulayır.


Xəbərə aid fotolar